Türk Dövlətləri Təşkilatının (TDT) missiyası Bakı şəhərində, o cümlədən Abşeron və Xızı rayonlarında müşahidələr apardı. Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb.
"Report" xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən TDT-nin baş katibinin müavini Ömer Kocaman deyib.
O bildirib ki, missiya Yeni Azərbaycan Partiyası (YAP) və Demokratik İslahatlar Partiyasının (DİP) nümayəndələri ilə görüşüb, onların seçki prosesinə hazırlığı ilə tanış olub: "Həmçinin, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla da görüşmüş, ətraflı məlumat almışdıq. Missiya Xarici İşlər Nazirliyində də olub, seçki prosesini müzakirə edib".
Ö.Kocaman qeyd edib ki, müşahidə aparılan məntəqələr standartlara uyğun olaraq vaxtında açılıb: "Ümumilikdə, 36 məntəqədə olduq. İnsanların azad iradələrini ortaya qoymaları üçün bütün şərait yaradılmışdı. Hansısa neqativ hal qeydə alınmadı".
TDT təmsilçisi söyləyib ki, missiya həm də səslərin sayılma prosesində iştirak edib: "Səslərin hesablanmasına təsir edən hansısa ciddi hal olmadı. Həmçinin, məntəqələr yaxınlığında təbliğat komponentləri yox idi. Əlillərin səs vermələri üçün şərait yaradılmışdı".
O əlavə edib ki, seçkilər açıq və şəffaf, beynəlxalq standartlara uyğun keçirilib: "Seçkilərin nəticəsinin qardaş Azərbaycan üçün uğurlu olmasını arzu edirəm".