“Uzun illərdən sonra Şuşaya qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Böyük qürurla evimizə qayıdırıq”.
“Report” xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən sakin Hümbətova Nuri bildirib.
“Şuşanı görməmişəm. Amma ailəm o qədər sevgi ilə Şuşanı mənə anladıb ki, ora sanki mənim üçün müqəddəs şəhərdir. Hamı kimi biz də sevincliyik. 30 illik məcburi köçkün həyatımızın son gününü yaşayırıq. Biz doğma torpağımızda həyatımızı yenidən quracağıq. Allaha şükürlər olsun ki, bu arzumuz, istəyimiz yerinə yetdi. İndi doğma torpaqlara qayıdıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 49 ailə - 191 nəfər doğma yurduna köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.