Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun adının verildiyi məktəbdə büstünün və xatirə muzeyinin açılışı olub.
“Report”un yerli bürosu məlumat verir ki, Anar Şükürovun təhsil aldığı Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbdə keçirilən mərasimində şəhidin ailə üzvləri, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak edib.
Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun məktəbin foyesində ucaldılan büstünün açılışı olub, rəmzi lent kəsilib, Daha sonra muzeylə tanışlıq olub. Muzeydə şəhid mayor Anar Şükürovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan eksponatlar, fotolar, sənədlərin surətləri nümayiş etdirilir.
Qeyd edilib ki, Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 2020-ci il oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, II Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Anar Şükürova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.