"Təəssüflər olsun ki, terror Ermənistanın dövlət siyasəti, ermənilərin isə milli ideologiyasıdır. Bu mənada biz postmünaqişə dövrü üçün birgəyaşayış barədə danışır və bölgədə sülh və sabitliyin davamlılığını arzu ediriksə, birmənalı olaraq "Dəmir yumruq" həmişə hazır olmalıdır".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan işğaldan azad olunmuş ərazilərə səfər edərkən hər dəfə "Dəmir yumruğ"u və rüsvayçı məğlubiyyətlərini ermənilərin yadına təsadüfən salmır: "Qətiyyətli lider, peşəkar diplomat və strateq kimi İlham Əliyev göstərir ki, bunlar murdar ideologiya ilə zəhərlənərək xəyanətdən yoğrulmuş, hər an satıla biləcək və bunu da tarix boyu dəfələrlə göstərmiş toplumdur. Ona görə də özlərindən daha güclü, onların çirkin niyyət və bəd əməllərinə dur deyə biləcək güc görməsələr, təcavüzkar meyillərdən və pis məqsədlərindən əl çəkməyəcəklər".
"Təsəvvür edin bir dövlət ki, öz konstitusiyasında istinad etdiyi 23 avqust 1990-cı il tarixli “Müstəqillik haqqında” bəyannamədə, bu sənədin də preambula hissəsində Azərbaycana, 11-ci maddəsində isə Türkiyəyə münasibətdə ərazi iddiaları əks etdirə, bunlardan nə gözləmək olar?! Bu, müasir dövrdə analoqu olmayan bir həyasızlıqdır. Təbii ki, Qarabağda, yaxud Zəngəzurda ermənilərin bəlli olan xisləti bizi qorxutmur, lazımi cavablarını alıblar, alacaqlar da. Bizi bir məqam narahat edir ki, bu təhlükəli tendensiyalara kənardan rəvac verilir, məsələn, bir müddət öncə erməni terrorçunun ABŞ-da azadlığa buraxılması, yaxud, təəssüf ki, bəzi hallarda Rusiya sülhməramlılarının müəyyən xoşagəlməz tendensiyalara göz yumması bu kimi meyillərə rəvac verir. Amma anlamaq lazımdır ki, son nəticədə hədəf yalnız biz olmayacağıq, terrorun hədəfi insanlıqdır", - deputat bildirib.
V.Məhərrəmov vurğulayıb ki, ABŞ-da azad edilən erməni terrorçu Amerika xalqı üçün təhlükədir, Rusiya sülhməramlılarının erməni terrorçulara göz yumması isə rəsmi Kremlə təhdiddir: "Necə ki, son insidentdə erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin olduğu blokposta qumbara ataraq bizimlə bərabər rus əsgəri də hədəfə almaqla bunu sübut etdi. Ona görə də istər bölgə, istərsə də qlobal güclər terrora vahid yanaşma nümayiş etdirməlidirlər. Terrorçunun vətəni yoxdur, hara olursa olsun terrorçu təhlükədir. Bu mənada beynəlxalq ictimaiyyət Yaxın Şərq, Əfqanıstan, Suriya kimi bölgələrdə terrora nümayiş etdirdikləri qətiyyətli yanaşmanı bizim bölgədə də davam etdirməlidirlər, əks halda onların antiterror çağırışları ikili standartdan başqa bir şey deyil. Baxın, erməni KİV-ləri artıq terrorçunu “qəhrəman” elan ediblər. Əslində, Nijdeyə, Andranikə heykəl qoyan, Daşnaksütyun ideologiyalı partiyaya meydan verən bir toplum və dövlət üçün bu gözləniləndir. Amma hər kəs bilsin ki, biz davamlı gözləmək niyyətində deyilik. Necə ki, bu bölgədə 30 illik işğala Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın həmrəyliyi ilə cəmi 44 günə son qoyduq, bölgədə erməni terrorunun da kökü kəsiləcək. Buna hər kəs əmin ola bilər".