Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb

Region
  • 19 oktyabr, 2026
  • 17:32
Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlara başlayıb.

"Report" xəbər verir ki, məlumatı İran mediası yayıb.

Rusiya XİN-dən bildirilib ki, səfərin məqsədi "genişmiqyaslı müharibənin" qarşısını almaqdır.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian Tehrana işgüzar səfər çərçivəsində Rusiya XİN başçısını qəbul edəcək. Səfər çərçivəsində körfəzdəki vəziyyətin və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra yaranan beynəlxalq böhrandan çıxış yollarının müzakirəsi nəzərdə tutulur.

İran və RF xarici siyasət idarələrinin rəhbərləri BMT platformasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, BRİKS, ŞƏT və Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı əlaqənin genişləndirilməsi üzrə atılacaq növbəti addımları müəyyənləşdirəcəklər.

Məlumata görə, Sergey Lavrov Tehrana Bəhreynin paytaxtı Manamada Rusiya – Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Strateji Dialoqu formatında nazirlərin görüşündə iştirakından sonra gəlib.

O, oktyabrın 18-də Bəhreyndə ərəb ölkələri ilə danışıqlar aparıb. Rusiya naziri Küveytin XİN rəhbəri Cabir əs-Sabah, həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan əl Səud ilə görüşüb.

Rusiya mediası bildirib ki, ərəb ölkələrinin XİN başçıları rusiyalı həmkarlarından körfəzdə gəmiçiliklə bağlı fəaliyyət məsələsində Tehrana "təsir göstərməsini" istəyiblər.