Son beş ildə Ombudsmanın fəaliyyəti ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilib.
"Report" xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Ombudsman Aparatı və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə keçirilən "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" konfransında deyib.
O qeyd edib ki, Ombudsman müstəqil, məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi fəaliyyət göstərir:
"Müvəkkil Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
Qeyd etmək istəyirəm ki, ombudsman uşaqlar, qadınlar, əlilliyi olan şəxslər, ahıllar, şəhid ailələri və müharibə veteranları, hərbi qulluqçular, sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol vermir".
Ombudsmanın fikrincə, Azərbaycan insan hüquqları sahəsində artıq inkişaf edən ölkələrin sırasındadır.