Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Həcc ziyarətinə hazırlıqla əlaqədar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gediblər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İdarədən bildirilib.
QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, nümayəndə heyəti Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək.
Artıq nümayəndə heyəti hazırlıqlarla bağlı öz işinə başlayıb.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün azərbaycanlı zəvvarlara 1500 nəfərlik kvota ayrılıb. Ziyarət üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək. Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.