Qərbi Azərbaycan Xronikası: Erməni usta evimizin divarına xaç işarəsi qoymuşdu

Qərbi Azərbaycan Xronikası: Erməni usta evimizin divarına xaç işarəsi qoymuşdu Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Daxili siyasət
26 Noyabr , 2024 01:26
Qərbi Azərbaycan Xronikası: Erməni usta evimizin divarına xaç işarəsi qoymuşdu

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova olub.

O, Qərbi Azərbaycanla bağlı xatirələrindən, ata-baba yurdu Zəngibasardan söhbət açıb. Bildirib ki, Gəncədə doğulub boya-başa çatmasına rəğmən, vaxtilə babasının erməni təqibindən, ölüm təhlükəsindən yaxa qurtarmaq üçün didərgin düşdüyü yerləri görməyə daim can atıb, oraya mistik ərazi kimi baxıb. Nəhayət 12-13 yaşlarında atası onu və ailə üzvlərini Zəngibasar mahalına qonaq aparıb. Beləliklə o, ilk dəfə tarixi torpaqlarımızla tanışlıq imkanı qazanıb.

Qərbi Azərbaycanı özünə səcdəgah bilən M.Zeynalova valideynlərindən eşitdiyi həqiqətləri də dilə gətirib. Deyib ki, ötən əsrdə nənə-babalarının məruz qaldığı deportasiyalarda ermənilər azərbaycanlılara, xüsusən qadınlara qarşı soyğunçuluq edib, etnik mənsubiyyətinə görə soydaşlarımıza çoxsaylı fiziki-mənəvi işgəncələr veriblər. Sovet hakimiyyətinin dinclik dövründə bu siyasət gizli həyata keçirilib. Ermənilər öz xislətlərinə uyğun olaraq tariximizi saxtalaşdırmağa, hər şeyə sahib çıxmağa çalışıblar.

Müsahib vaxtilə atasının Gəncədə ikimərtəbəli ev inşa etdirməsini xatırlayıb. Qeyd edib ki, həmin vaxt usta işləyən erməni divara xaç işarəsi qoyub. Bununla da gələcəkdə guya həmin evin sahibinin erməni olmasına indidən “əsas” yaratmaq istəyib. Lakin ev sahibi bunun fərqinə varıb və ustaya həmin xaçı sökdürüb.

1988-ci il hadisələrindən danışan QHT sədri söyləyib ki, Gəncədəki evlərində valideyninin Qərbi Azərbaycandan deportasiya olunan qohumlarını qəbul edib, onlara bacardıqları səviyyədə dəstək olmağa çalışıblar. Vurğulayıb ki, həmin dövrlərdə ermənilərin əsl siması üzə çıxıb, xalqımıza qarşı düşmən mövqedə olduqları tam aşkar edilib. Müharibənin, deportasiyaların, qaçqınlıq həyatının insanlara, xüsusən qadın və uşaqlara böyük travmalar yaşatdığını vurğulayan M.Zeynalova əlavə edib ki, belə insanlar ağrı-acını ömürlərinin sonuna kimi hiss edirlər. Bir çox hallarda bu, həmin şəxslərin gələcək həyatına da mənfi təsir göstərir.

QHT sədri deyib ki, bütün bu məşəqqətlərə baxmayaraq, istənilən Qərbi azərbaycanlı tarixi Vətəninin hər bir daşının, suyunun, ağacının həsrəti ilə yaşayır, oraya geri qayıdacağı günü səbirsizliklə gözləyir. M.Zeynalova beynəlxalq tədbirlərdə Ermənistan vətəndaş cəmiyyəti təmsilçiləri ilə rastlaşdığını, onlarla həmsöhbət olduğunu da diqqətə çatdırıb. Bildirib ki, erməni QHT təmsilçiləri indi də azərbaycanlılara qarşı aqressiv davranırlar. Hətta sadə ermənilər də millətçilərin, daşnakların illərdir Ermənistanda apardığı yanlış təbliğatın təsirindən qurtula bilmirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi