Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
"Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq", - məlumatda vurğulanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Qarabağa yanğınsöndürmə briqadası göndərib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, FHN-in 3-ü xüsusi təyinatlı olmaqla 15 yanğınsöndürmə avtomobili canlı qüvvə ilə birlikdə yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.
Qeyd edək ki, ötən gün Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın, bu tip hadisələr zamanı alovun ətraf ərazilərə yayılmaması üçün mühafizə edilməsi zərurəti yaradıb. Ona görə də Xankəndi və ətraf yaşayış məntəqələrində baş verə biləcək yanğınların qarşısının alınması üçün bu cür addım atılıb.
Ümumilikdə bu işlər 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq həyata keçirilir.