Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB

Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Daxili siyasət
2 Dekabr , 2022 22:48
Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

"Report" xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qoruqda görülən işlər barədə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verib.

Bildirilib ki, qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin (Rəsm Qalereyası və qoruğun inzibati binası) təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib.

Sonra qoruğun iaşə binasındakı bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, XIX əsrdə inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş tarixi bina ənənəvi Şəki memarlığı üslubunda tikilib. Təəssüf ki, sovet dövründə bu binada xəstəxana fəaliyyət göstərib və nəticədə onun memarlıq irsi tamamilə pozulub, bir sıra əlavələr edilib. Bu memarlıq abidəsi hazırda tarixi memarlıq üslubunda bərpa və konservasiya edilir, daxili tərtibatı iaşə obyekti və tədbirlərin keçirilməsi üçün uyğunlaşdırılır.

Daha sonra qoruğun yeni inzibati binası ilə tanışlıq olub. Bildirilib ki, qoruğun yeni inzibati binası dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və XIX əsrdə əsgər kazarması kimi inşa edilib. İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olunub. Binanın memarlıq irsi qorunmaqla onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb. Binada kommunikasiya xətləri, istilik sistemi qurulub, inzibati heyətin fəaliyyəti üçün bütün şərait, fond və arxiv otaqları yaradılıb. İnzibati binanın ümumi sahəsi 324 kvadratmetrdir.

Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı şəbəkə emalatxanasında görüləcək bərpa işləri barədə məlumat verilib.

Bildirilib ki, şəbəkə emalatxanasının yerləşdiyi bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Binaya ümumi sahəsi 127 kvadratmetr olan əsas və sahəsi 30 kvadratmetr olan yardımçı tikililər daxildir. Hazırda bərpa olunan binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün “Şəbəkə Təlim-Tədris Mərkəzi” fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəbəkə ustası ilə söhbət ediblər.

Prezident İlham Əliyev: Salamaleykum.

Mehriban xanım Əliyeva: Salam.

Sənətkar: Cənab Prezident, bizim işlərdir. Bu, bizdə dörd nəsildir davam edir.

Prezident İlham Əliyev: Davam edir?

Sənətkar: İki oğlumla.

Prezident İlham Əliyev: Onlar da məşğuldurlar?

Sənətkar: Bəli, məşğuldurlar.

Prezident İlham Əliyev: Bu sənət yaşamalıdır.

Sənətkar: Burada məktəb də var, yəni, uşaqlar məşğul olurlar. İndi burada bu binalar bərpa olunur.

Prezident İlham Əliyev: Bəli, burada da tədris mərkəzi olacaq.

Sənətkar: Bura şəbəkə emalatxanası olub. Amma biz istəyirik geniş olsun.

Prezident İlham Əliyev: Bəli.

Digər kişi: Tofiq müəllim bizə söz vermişdi ki, ildə 10 şagird yetişdirəcək.

Prezident İlham Əliyev: Mütləq lazımdır. Çünki bu, nadir sənətimizdir.

Sənətkar: Deməli, burada hamısı belə xırda-xırda taxta və şüşə parçalarıdır. Yəni, burada yapışqan, mismar, heç nə yoxdur.

Prezident İlham Əliyev: Bəli, mən bilirəm, yoxdur. Bu, dünyada yeganədir, bundan dünyada yoxdur.

Sənətkar: Xan sarayını biz bərpa etmişik.

Mehriban xanım Əliyeva: Bunları da özünüz edirsiniz?

Sənətkar: Bəli, hamısını özümüz edirik. Amma Xan sarayında baxın, belə çox xırda hissələrdir, biz oranı bərpa edəndə pinsetlə işləmişik.

Prezident İlham Əliyev: Xan sarayının da təmirə ehtiyacı var. İndi onunla da məşğul olacağıq. Siz də cəlb olunacaqsınız.

Sənətkar: O vaxt Xan sarayında mərmər şüşələr olub, Venesiya şüşələri, bir millimetr. Bu irilər 3 millimetrdir.

Mehriban xanım Əliyeva: Bu şüşələr 3 millimetrlikdir.

Sənətkar: Qalın şüşələr, mərmər şüşələr budur.

Prezident İlham Əliyev: Budur, hə?

Birinci xanım: Daha incə.

Prezident İlham Əliyev: Çox yaxşı.

Sənətkar: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Siz sağ olun ki, bu sənəti yaşadırsınız. Biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün daha yaxşı şərait yaradaq.

Sənətkar: Siz sağ olun ki, sənətə qiymət verirsiniz.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

Sonra dövlətimizin başçısı və birinci xanım şəkili sənətkarlarla görüşdülər.

Sənətkar: Xoş gəlmisiniz, səfa gətirmisiniz. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Salamaleykum. Xoş gördük. Sağ olun.

Mehriban xanım Əliyeva: Salam. Çox sağ olun gözəl musiqi üçün.

Sənətkar: Həmişə Allah yaxşı gündə eləsin hamınızı.

Prezident İlham Əliyev: Sağ olun, Allah cansağlığı versin.

Sənətkar: Allah Sizə cansağlığı versin, cümlənizə.

Mehriban xanım Əliyeva: Sağ olun.

Prezident İlham Əliyev: Sizə də, çox sağ olun.

Fuad Nağıyev: Bunlar da sənətkarlardır, Şəki sənətkarlarıdır.

Prezident İlham Əliyev: Salam.

Sənətkarlar: Salam, xoş gəlmisiniz. Necəsiniz?

Prezident İlham Əliyev: Bu da məşhur Şəki halvası.

Mehriban xanım Əliyeva: Şəki halvası.

Prezident İlham Əliyev: İşiniz necə gedir? Yaxşıdır?

Sənətkarlar: Yaxşıdır, şükür.

Prezident İlham Əliyev: Qonaqlar çox gəlir? İndi bunlar hamısı bərpa olunandan sonra daha çox gələcək.

Sənətkar: İnşallah, Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun.

Sənətkarlar: Sağ olun.

Dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı dairəvi məbəddə aparılan təmir-bərpa işləri barədə də məlumat verildi.

Bildirildi ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır. Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib. Hazırda binada bərpa işləri aparılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçəçi qadın sakin ilə söhbət etdilər.

Prezident İlham Əliyev: Salamaleykum.

Sakinlər: Salam.

Mehriban xanım Əliyeva: Salam.

Prezident İlham Əliyev: Xoş gördük.

Sakin: Salam, xoş gördük.

Məlumat verən şəxs: Zahid usta alətləri düzəldir.

Prezident İlham Əliyev: Salam, bu alətləri sən düzəldirsən? Çox yaxşı. Sizinki də kəlağayıdır?

Sənətkar: Bəli.

Prezident İlham Əliyev: Yerli ipəkdəndir?

Sənətkar: Bəli. Mehriban xanım məni iki dəfə Fransaya aparıb.

Mehriban xanım Əliyeva: Bizimlə getmisiniz?

Sənətkar: Bəli, sağ olun. Sizə cansağlığı arzulayıram. Sənətimizi də davam etdirməyə çalışırıq.

Prezident İlham Əliyev: Sağ olun. Sizə də cansağlığı arzulayıram.

Mehriban xanım Əliyeva: Sağ olun, sizə uğurlar.

Sənətkar: Siz də sağ olun.

Daha bir sənətkarla söhbət oldu.

Prezident İlham Əliyev: Salam.

Fuad Nağıyev: Hüseyn bizim ustamızdır, şəbəkə ustasıdır.

Hüseyn usta: Bu işlərdən görmüsünüz. Sizə bir rəhil hazırlamışam, bütöv taxtadan yonulur, dörd parçaya bölünür. Açılır, kitab qoymaq üçündür. Yəni, bizim qədim milli əşyadır, qəbul etsəniz, şad olardım.

Prezident İlham Əliyev: Əlbəttə. Çox təşəkkürümü bildirirəm. Çox sağ olun.

Hüseyn usta: Sağ olun, minnətdaram.

Mehriban xanım Əliyeva: Sağ olun.

Prezident İlham Əliyev: Salamaleykum.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Qadın sənətkar: Salam, bizim Şəkiyə səfa gətirmisiniz. Bu, bizim təkəlduz sənətidir, qədim Şəkiyə məxsus sənətdir. Sənətkar bacım Aysel xanımla bərabər 20 ildir bu sənətlə məşğuluq. Sizin, dövlətimizin bizə qayğısı sayəsində dəfələrlə xarici və yerli sərgilərdə olmuşuq, ICESCO-nun təşkil etdiyi sərgidə 36 ölkə arasında qalib gəlmişik. Bu da bizim keçə sənətidir. Biz veteran ailəsi olaraq, bacım Aysel xanımla fikirləşdik ki, bir dövlətin Ali Baş Komandanına necə mənəvi dəstək verə bilərik? Fikirləşdik ki, keçəçilik sənətini yaşadaq, keçə sənətinə nəfəs verək və Azərbaycanda bir ilkə imza atdıq: Keçə sənəti ilə qədim təkəlduz sənətini sintez etdik.

Prezident İlham Əliyev: Birləşdirdiniz?

Qadın sənətkar: Bəli, bacım Aysel xanımla birgə keçə sənətindən Sizə bir hədiyyə hazırlamışıq. Qələbə rəmzi olan Şuşamız, əgər qəbul etsəydiniz, məmnun olardıq, çox sevinərdik.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Qadın sənətkar: Fonda verərəm.

Prezident İlham Əliyev: Sağ olun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Qadın sənətkar: Bu, xüsusilə Qarabağ zonasına aiddir. Şuşada, Kəlbəcər zonasında tərəkəmə həyatı sürülən yerlərdə olub. Düzdür, bizim Şəkidə də olub, yaylaqlarda istifadə ediblər. Yurtalar, məsələn, bu, xüsusilə Oğuz türklərini birləşdirən sənətdir. Həmçinin Qobustan işləmişik, sonra bu yunları özümüz rəngləmişik. Bu isə kaftandır, keçmiş qadın kaftanıdır. Onu da özümüz düzəltmişik, bacımla birlikdə. Bu, Qarabağa aid sonabülbüllərdir, həm də Xan sarayımızın naxışıdır. Bu da türk ölkələrinə aid naxışdır, burada Qobu xalqı da var. Bundan başqa, Şəki İpək Yolu üzərində yerləşdiyi üçün ipək karvanı işləmişik. Yəni, bu sənəti gücümüz çatdığı qədər yaşatmağa çalışırıq.

Prezident İlham Əliyev: Çox yaxşı iş görürsünüz.

Qadın sənətkar: Bu da yun didmək asan olsun deyə fikirləşib, araşdırıb belə bir əhtaş hazırlamışıq, bir az müasir tipli. Yunu rahat açsın deyə.

Prezident İlham Əliyev: Texnoloji inkişafdır.

Mehriban xanım Əliyeva: Doğrudan da çox gözəldir. Yəni, bunu ilk dəfə siz sintez etmisiniz?

Qadın sənətkar: Azərbaycanda hazırda klassik keçə sənəti ilə məşğul olan bizik. Müasir nuno feltinqlə məşğul olanlar var, ancaq klassiklə yoxdur. Bir az ağır olduğu üçün fiziki güc tələb edir.

Mehriban xanım Əliyeva: Çətindir.

Qadın sənətkar: Biz pandemiya dövründən başladıq bu işə, hələ ki, üç ildir işləyirik. İnşallah, artıracağıq, yəni, çalışacağıq ki, sənəti yaşadaq.

Prezident İlham Əliyev: Çox gözəl, çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun, hədiyyə də çox gözəldir, aparıb Şuşada sərgidə asarıq.

Qadın sənətkar: İnşallah, çox sağ olun, təşəkkür edirəm.

Mehriban xanım Əliyeva: Sağ olun, çox sağ olun, bacınıza da təşəkkür edirəm.

Qadın sənətkar: Çox sağ olun, Allah razı olsun.

Həmçinin məlumat verildi ki, Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində yerləşən bəzi tarixi binalarda təmir-bərpa işləri davam etdirilir. Burada Şəki xanlığı dövrünə aid, ümumi uzunluğu təxminən 1300 metr olan Qala divarları yerləşir. Bu qala divarları əvvəlcə Şəki xanları, XIX əsrdə isə çar Rusiyası tərəfindən hərbi məqsədlər üçün istifadə edilib.

Diqqətə çatdırıldı ki, qoruğun memarlıq abidələrindən biri də XIX əsrdə inşa olunmuş əsgər kazarmasıdır və hazırda dövlət mühafizəsinə götürülüb. Bina yerli inşaat materiallarından istifadə olunmaqla, ənənəvi memarlıq üslubunda inşa edilib. Tikili giriş hissədən və əsas zaldan ibarətdir. Hazırda binada bərpa işlərinə başlanılıb və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun fond otaqları kimi fəaliyyət göstərəcək.

Daha sonra Tarix-Diyarşünaslıq Muzeyində davam edən bərpa işləri barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, Tarix-Diyarşünaslıq Muzeyinin binası dövlət mühafizəsinə götürülmüş, XIX əsrin sonlarında tikilmiş memarlıq abidəsidir. Bu bina XIX əsrdə rus əsgərləri üçün kazarma binası kimi tikilib. Bina ənənəvi yerli tikinti materiallarından (çay daşı və bişmiş kərpic) və Şəki memarlığı üslubunda inşa edilib. Muzeydə təxminən 2461-dən artıq eksponat var. Hazırda binada təmir-bərpa işləri davam edir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Rəsm Qalereyasında görülmüş bərpa işləri ilə tanış olublar.

Bildirilib ki, 1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilib. Binanın tarixi-memarlıq üslubu qorunmaqla onun fasadı, dam örtüyü bərpa edilib, kommunikasiya sistemi tamamilə yenidən qurulub. Qalereya binasının ümumi sahəsi 296 kvadratmetrdir. Bina üç hissədən - giriş, ekspozisiya zalları və inzibati bölmədən ibarətdir.

Məlumat verildi ki, Rəsm Qalereyasının fondunda 254 eksponat saxlanılır. Onlardan 61-i rəsm əsəri və 8-i heykəl olmaqla 69 eksponat hazırda ekspozisiyada sərgilənir, 185-i isə qalereyanın fond otağında mühafizə olunur. Ekspozisiyadakı əsərlər Azərbaycan incəsənət tarixinin, onun mövzu və üslubca müxtəlif istiqamətlərinin, inkişaf dövrlərinin ziyarətçilər tərəfindən daha dərindən başa düşülməsi üçün tarixi ardıcıllıqla sıralanıb. Ekspozisiyadakı incəsənət əsərlərinin mühafizəsi məqsədilə müvafiq temperatur və rütubət rejimi üçün zəruri olan sistem quraşdırılıb.

Qalereyanın birinci zalında görkəmli fırça ustası Maral Rəhmanzadənin “Kəlağayı geyinmiş qadın”, ikinci zalda “Zəngəzurda” əsərində yaylağa köç edən sürü və “Qaragöl” əsəri (Laçın rayonunda, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yerləşən göl), üçüncü zalda isə mərkəzi divarda Azərbaycanın görkəmli rəssamları Altay Sadıqzadənin “Sahil”, Sakit Məmmədovun “Şərq” və Elbəy Rzaquliyevin “Qırmızı Atlılar” əsərləri nümayiş olunur.

Tarix-Memarlıq Qoruğu ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinin sakinləri ilə söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.

Kişi sakin: Allah canınızı sağ eləsin. Gələn ayaqlarınız var olsun. Allah Sizin ömrünüzü uzun eləsin.

Prezident İlham Əliyev: Allah sizə cansağlığı versin.

Kişi sakin: Allah Sizi qorusun! Allah bütün Azərbaycanı qorusun!

Prezident İlham Əliyev: Amin!

Kişi sakin: Fateh İlham Əliyev.

Başqa kişi sakin: Bizə də nəsib oldu əlinizi sıxmaq.

Kişi sakin: Allah canınızı sağ eləsin. Gələn ayaqlarınız var olsun. Allah ömrünüzü uzun eləsin. Allah Sizi də, oğlunuzu da xoşbəxt eləsin.

Mehriban xanım Əliyeva: Çox sağ olun. Bütün Azərbaycan xalqı sağ olsun.

Kişi sakin: Sizə minnətdarıq, Sizə təşəkkür edirik.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Kişi sakin: Yolunuz açıq olsun, sağ-salamat gedin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakinlər: Allah Sizi qorusun, uğurlar olsun.

14:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

"Report"xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi