Bakı. 18 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə” qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya 2005-ci il iyulun 8-də Vyana şəhərində qəbul edilmiş Düzəliş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.
Sənədlə Azərbaycan Respublikası bəyan edir ki, “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiya və “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəliş”in müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək.
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiya və “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəliş”in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil.
Azərbaycan Respublikası bəyan edir ki, bu bəyanatın 1-ci və 2-ci bəndlərinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı belə dəyişikliklər və ləğvetmələr haqqında məlumatlandırılacaqlar.