Bakı. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-sı Azərbaycan Respublikasında ümumxalq səsverməsi (referendum) günüdür.
"Report" xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Bu anı Azərbaycanın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.
Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.
Paytaxtın 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici və yerli müşahidəçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyiblər.