Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.
Bu ölkənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, yardım işğaldan azad edilən ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub.
Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir. Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.
Azərbaycan rəsmiləri yardıma görə minnətdarlıq ediblər.