Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib.
"Report" xəbər verir ki, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaq məqsədilə keçirilən tədbirə 30-a yaxın ölkədən 60-dan çox qonaq, o cümlədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər – ümumilikdə 200-dən çox iştirakçı qatılıb.
Tədbirdə Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.
Müraciətdə Ermənistanın otuzillik hərbi təcavüzünün ağır fəsadlarının hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaratdığı, Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirdiyi və zəhərlədiyi, meşələrimizi məhv etdiyi, şəhər və kəndlərimizi dağıtdığı, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırdığı qeyd edilib. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsinin dağıdıldığı, dini-mədəni abidələrimizin yerlə-yeksan edildiyi diqqətə çatdırılıb.
Müraciətdə, həmçinin Beynəlxalq Bakı Forumunun mövzusunun bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb etdiyi, iqlim dəyişmələrinin bütün ölkələrin davamlı inkişafına və təhlükəsizliyinə təhdid törədən qlobal problemlərdən biri olduğu bildirilib, iqlim dəyişmələrinin əsas insan hüquqlarının müdafiəsi və təminatı baxımından bir sıra ciddi çətinliklər yaratdığı da qeyd olunub.
Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkə Prezidenti cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin təşəkkürünü bildirib.
Ombudsman qlobal iqlim dəyişikliyinin ətraf mühitə, ölkələrin dayanıqlı inkişafına, eyni zamanda insan hüquqlarının müdafiəsi və təmin edilməsinə bir sıra çətinliklər yaratdığını bildirib. Müvəkkil iqlim dəyişikliklərinin fəsadlarının yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmadığını qeyd edərək, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmininə diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığını qeyd edən Ombudsman işğal zamanı həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ciddi ziyan vurulduğunu, ekosid cinayəti törədildiyini diqqətə çatdırıb. Müvəkkil ölkəmizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, ərazilərimizdən keçən çayların zərərli maddələrlə kəskin çirkləndirildiyini və bunun əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirib.
Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi mina terrorundan danışan Ombudsman İkinci Qarabağ müharibəsindən bu vaxta qədər 380-ə yaxın şəxsin mina qurbanına çevrildiyini, basdırılmış minaların keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini, eləcə də mina partlayışlarının regionda ekoloji tarazlığın pozulması ilə nəticələndiyini söyləyib.
Səbinə Əliyeva Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq iqlim dəyişikliyinin mənfi təsirlərinə və bundan yaranan mümkün risklərə qarşı mübarizəyə xüsusi önəm verdiyini qeyd edib, son illər ölkəmizdə ətraf mühitin qorunması və iqlim dəyişikliyinin fəsadlarının qarşısının alınmasına xidmət edən kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev çıxışı zamanı iqlim dəyişikliyi və onun ətraf mühitə mənfi təsirlərinin dünyanı narahat edən əsas qlobal problemlərdən biri olduğunu bildirib. O, iqlim dəyişikliyinin bərabərsizliyi daha da dərinləşdirdiyini və xüsusilə həssas qruplara ciddi təsir göstərdiyini diqqətə çatdırıb.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ölkəmizdəki rezident nümayəndəsi Alessandra Rokkasalvo keçirilən Forumun istər mövcud problemlərin həlli yollarının axtarılması, istərsə də gələcək liderlərin yetişdirilməsi baxımından mühüm platforma rolunu oynadığını qeyd edib. O, BMTİP və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçirilən “İqlim Dəyişikliyi və İnsan Hüquqları” tədqiqat müsabiqəsi barədə məlumat verərək iqlim fəaliyyətində gənclərin mərkəzi rol olmasının əhəmiyyətini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Katibliyinin icraçı direktoru Noura Zaid Alrshoud çıxışı zamanı meşələrin qırılmasının, faydalı qazıntıların qeyri-qanuni istismarının, çayların çirkləndirilməsinin, minaların mülki və hərbi obyektlərə fərq qoymadan yerləşdirilməsinin ətraf mühitə ciddi ziyan vurduğunu qeyd edib, bu kimi halların beynəlxalq insan hüquqları və humanitar hüququn prinsiplərini ciddi şəkildə pozduğunu diqqətə çatdırıb.
İcraçı direktor iqlim dəyişikliyi və onun nəticələrinin insan hüquqlarının səmərəli həyata keçirilməsinə mənfi təsir göstərdiyini, milli insan hüquqları təsisatlarının iqlim dəyişikliyinin həllində mühüm rol oynadığını qeyd edib.
Daha sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün konfrans iştirakçılarına videomüraciəti dinlənilib.
Tədbirdə Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil edilib. Sessiyalarda mövzular üzrə çıxışlar dinlənilib, geniş fikir mübadilələri aparılıb. Eyni zamanda, çağırışlar və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.
Tədbirin yekununda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilib və qəbul olunub. Bəyannamə ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsinə, həmçinin müvafiq sahədə məlumatlılığın artırılmasına öz töhfəsini verəcək.
“İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.
"Report" xəbər verir ki, tədbirdə 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər iştirak edirlər.
Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaqdan ibarətdir.
Tədbirdə Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.
Foto: Samirə Həsənova