“Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılıb.
"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb.
Məqsəd muxtar respublikada strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizatın formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarı qısamüddətli mənfi təsirlərdən qorumaqdır.
Fərmanla “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılıb və Dövlət Taxıl Fondu Agentliyin sərəncamına verilib.
Agentliyin dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxs olduğu müəyyən edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Agentliyin nizamnaməsinin və strukturunun layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.