Naxçıvan Regional Asan Xidmət Mərkəzinin konfrans zalında növbədənkənar parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Baxşeyiş Əsgərov bu cür tədbirlərin seçki vaxtı namizədlərin narazılıqlarının sayının azalmasında, şikayətlərin ədalətli qərarlarla həllində xüsusi önəm daşıdığını bildirib.
O, mövcud 26 partiyadan 25-nin iştirak etdiyi seçkilərin açıq, şəffav və ədalətli keçirilməsinə iddialı olduqlarını deyərək vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb və bununla əlaqədar zəruri tövsiyələr verib, dairə seçki komissiyalarından məhkəməyə qədər gəlib çatan şikayətlərin məhz bu tədbirlər vasitəsilə birinci mərhələdə həll ediləcəyinə ümidvar olduğunu söyləyib.
Naxçıvan Ali Məhkəməsinin hakimi Səxavət Novruzov vurğulayıb ki, şikayətlərə İnzibati-Prosessual Məcəllənin tələblərinə əsasən baxılır: "İş üzrə məhkəmə qərarının tam formada təqdim olunduğu gündən üç gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə üç gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, iki gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır".
Sonra “Seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər”, “Milli Məclisə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri” mövzularında çıxılar dinlənilib.
Dairə seçki komissiyaları sədrlərinin də qatıldıqları seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub.