Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, həmin nazirliyin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən "Gerçəkləşmiş vəsiyyətin - təhlükəsiz sabahları" adlı mina təhlükəsi ilə mübarizəyə həsr olunmuş respublika rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Bu barədə “Report”a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, böyüməkdə olan nəslin - uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən biri olub.
01-30 aprel tarixləri arasında keçirilən rəsm müsabiqəsi müharibənin partlayıcı qalıqlarından, keçmiş təmas xətti bölgələrində tank və piyada əleyhinə minalarla yanaşı, partlamamış hərbi sursatların yaratdığı təhlükə, uşaq və gənclər arasında ölüm və xəsarət alma riskinin azaldılması, eləcə də mina təhlükəsi ilə əlaqədar davranış və düşüncə tərzini dəyişdirmək məqsədilə keçirilib.
Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş bölməsinin müdiri Səbinə Sərkərova, Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin Maarifləndirmə və zərərçəkənlərlə iş bölməsinin mütəxəssisi Fikrət Vəliyev, eləcə də digər qonaqlar iştirak ediblər.
Rəsmi qonaqların və müsabiqə qaliblərinin iştirakı ilə keçirilən tədbirdə 6-12 yaş qrupu üzrə məktəblilər arasından qəbul olunan 400-ə yaxın rəsm işinin arasından I yerə Banu Bədəlli (Bakı şəhəri), II yerə Ayşən Əliyeva (Göygöl şəhəri), III yerə Kənan Zamanov (Qusar şəhəri), həvəsləndirici yerə isə Sumeyyə Sadıqlı (Bakı şəhəri) layiq görülüblər.
Qalib iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.