Cocuq Mərcanlı kəndində yeni qəsəbənin tikintisi ilə bağlı müzakirələr aparılıb

Cocuq Mərcanlı kəndində yeni qəsəbənin tikintisi ilə bağlı müzakirələr aparılıb Baş nazirin müavini: “Lapşinin Azərbaycana ekstradisiyası bütün beynəlxalq aləmə səs salıb”
Daxili siyasət
13 Fevral , 2017 11:13
Cocuq Mərcanlı kəndində yeni qəsəbənin tikintisi ilə bağlı müzakirələr aparılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb.

Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən bildirilib.

Baş nazirin müavini bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Bu gün regionda dünya üçün terror mənbəyi olan, qonşu ölkələrə ərazi iddiası ilə sərsəm ideologiya daşıyıcısına çevrilən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qəbul edilən qərar və qətnamələri yerinə yetirməkdən boyun qaçıran, bununla da bir dövlət kimi süqutunu gündən-günə yaxınlaşdıran Ermənistan nəhayət iyirmi iki illik atəşkəsdən sonra öz layiqli cavabını aldı. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.

Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamı, Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanması və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasının bütün beynəlxalq aləmə səs saldığını, Ermənistanda böyük çaxnaşmaya səbəb olduğunu deyən Əli Həsənov bildirib ki, bunlar Azərbaycan prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, uğurlu xarici siyasətinin nəticəsi və onun bütün dünyada böyük hörmət və nüfuza malik siyasi lider olduğunun göstəricisidir.

Baş nazirin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipal siyasəti və nüfuzu qarşısında beynəlxalq siyasi arenada da təklənmiş duruma düşən işğalçı Ermənistanın cinayətkar başçısı ölkəsindəki kütləvi etirazların qarşısını almağa və təkləndiyini ört-basdır etməyə çalışır.

Müşavirədə bildirilib ki, Prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanılacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək.Ərazidə bundan əlavə, yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq.

Diqqətə çatdırılıb ki, Prezidentin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.

Prezidentin sərəncamının böyük əhəmiyyət kəsb etdiyini və belə bir qəsəbənin tikintisində iştirak etməyin qürurverici olduğunu deyən tikinti şirkətlərinin rəhbərləri qəsəbədə istər yaşayış evlərinin, istərsə də məktəb binasının, komunikasiya xətlərinin və digər texniki infrastrukturların inşasında işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.

Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib. 

Son xəbərlər

Orphus sistemi