"Hazırda vəziyyətə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır".
"Report" xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə COVID-19 ilə bağlı danışarkən deyib.
"Lakin maraqlıdırsa, mən bir qədər təcrübəmiz barədə danışa bilərəm, çünki Azərbaycan da daxil olmaqla, bütün ölkələrin qarşılaşdığı vəziyyət qeyri-adi idi və problem çox böyük idi. İki ildən bir qədər artıq müddət keçəndən sonra hazırda bizdə müəyyən təcrübə var və mən onu bölüşə bilərəm. Bütün bunlar başlayanda, 2020-ci ilin fevral-mart ayları idi. Yəqin ki, hamınız xatırlayırsınız, müxtəlif versiyalar var idi, kimsə inanırdı, kimsə dərk edirdi, kimsə anlamırdı, inkaretmə mövcud idi. Fevral ayının sonunda biz aydın şəkildə dərk edirdik ki, nəyisə həqiqətən də çox ciddi hadisə baş verir və bu, qeyri-ordinar, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Mən hesab edirəm ki, sonrakı işin uğurlu həyata keçirilməsinin başlıca səbəblərindən biri yəqin ki, çox peşəkar qərargahın, komandanın tez bir zamanda yaradılmasına nail olmağımızdır. Üstəlik, aydın idi ki, burada yalnız tibb işçiləri ilə kifayətlənmək olmaz, diapazon tamamilə genişdir və hökumət üzvləri, ekspertlər, gənc alimlər, xüsusilə riyaziyyatçılardan ibarət qrup toplandı. Çünki artıq o vaxt aydın idi ki, hesablamaq, proqnozlaşdırmaq lazım olacaq.
Lakin cənab Prezident sağ olsun, o, dərhal tövsiyələri dinləməyə başladı. Beləliklə, biz birinci mərhələdə sərhədlərin bağlanması barədə qərarı kifayət qədər tez qəbul etdik. Mart ayı idi. Bu, əlbəttə, müəyyən dərəcədə kömək etdi, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, güclü, ciddi karantin rejimləri nə dərəcədə kifayət imiş. Bundan başqa tez bir zamanda daha bir vacib tədbir görülməli idi və komanda bu işin öhdəsindən gəldi. Təbii ki, səhiyyə sahəsində bizim zəif yerlərimiz gözdən keçirilməli idi, çünki əsas problem – səhiyyə sistemində kollaps idi və artıq təxminən aprel ayında bizdə nəyin çatışmadığını bilirdik. Biz qısa müddətdə on, sonradan isə daha iki – cəmi 12 modul tipli xəstəxana ala bildik. Əlbəttə, yenə vəsait ayrılmışdı. Həmin xəstəxanalar çox qısa müddətdə ölkəyə gətirildi və yığıldı. Bir ildən sonra, ilk ilin təcrübəsinə əsaslanaraq, hansı avadanlığın, hansı xəstəxanaların bizə lazım olduğunu biz dəqiq bilirdik. Məsələn, pandemiyanın ikinci ilində biz artıq sırf reanimasiya çarpayıları ilə təchiz olunmuş modul tipli xəstəxanalar sifariş edirdik, çünki aydın oldu ki, adi çarpayılarla problem olmayacaq, reanimasiya çarpayıları ilə isə ola bilər.
Yəqin əsas aspektlərdən biri ondan ibarətdir ki, bu komanda işləyirdi. O, indiyə qədər işləyir. Deyə bilərəm ki, onların bu günə qədər verdiyi proqnozlar 90-95 faiz düz çıxıb. Yəni, biz hər bir dalğanı gözləyirdik. Bizdə nə vaxt artım, nə vaxt azalma, nə vaxt pik olacağı barədə xəta bir həftə ola bilərdi. Bu, bizə çox kömək edirdi, çünki hökumətin müəyyən təcili tədbirlər, karantin tədbirləri görməsi lazım olanda, müddətləri düzgün hesablamasına imkan verirdi. Təbii ki, bununla paralel olaraq zəruri tibbi avadanlıq və dərmanlar alındı. Birinci ilin sonuna, hətta ortalarına doğru artıq aydın oldu ki, söhbət vaksinasiyadan gedir. Burada da həmkarlarımız sürətlə əlaqə saxlaya bildilər. Səhv etmirəmsə, dünyada birinci vaksinasiya 2020-ci ilin dekabrında Amerikada, gərək ki, Birləşmiş Ştatlarda həyata keçirilib. Bizdə vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı. Yəni, ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də aldıq. Yəni, vaksinləri seçmək imkanı vardı. Təbii ki, vaksinasiyanın könüllü olacağı qərara alındı və seçim vardı. Burada, əlbəttə, ikinci aspekt çox vacibdir. Hesab edirəm ki, Mixailin dediyi kimi, bizim təcrübəmizi uğurlu hesab etsək, yəqin ki, cəmiyyətlə düzgün kommunikasiya çox vacib aspektdir. Ona görə ki, situasiya insanlar üçün yeni, çox cəhətdən qorxulu idi. İnkar edənlər də vardı, hər yerdə olduğu kimi, prinsip etibarilə müxtəlif konspiroloji versiyalar vardı. Bizə nə kömək etdi? İlk növbədə, bizə kömək edən bunu başa düşməyimiz oldu ki, qərargahdan daxil olacaq ismarıclar tamamilə dürüst olmalıdır, biz onları elə yoxlamalıyıq ki, sonradan dəyişməyək. Ona görə ki, belə vəziyyətdə dediyimizi etmək çox vacib idi. Bu halda da mən yenə Prezidentə minnətdaram, çünki o, insanlara, ictimaiyyətə müraciət edir və bu ismarıcları verirdi. Əlbəttə, burada insanların Prezidentə etimadı öz rolunu oynadı. COVID ilə bağlı vəziyyətdə bu etimadın nə dərəcədə vacib olması bir daha təsdiqləndi, ona görə ki, Prezidentdən eşidilənlər birmənalı həqiqət kimi qəbul edilirdi. Əlbəttə, skeptiklər, skeptik əhval-ruhiyyəli insanlar vardı, az sayda vaksin əleyhdarları var. Lakin bütövlükdə biz ciddi ziddiyyətlərdən və ya iğtişaşlardan qaça bildik. Bizdə insanlar vaksin vurdurmağa getdilər və yetərincə intizamlı şəkildə vaksinləndilər. Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Ona görə ki, bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur.
Səhiyyə Nazirliyi belə də elan edir ki, bu, yalnız valideynlərin qərarı ilə həyata keçir. Ona görə də bu iki tədbirin kompleksi ən optimal ssenari üzrə hərəkət etməyə imkan verdi. Əlbəttə, belə bir ehtiyatlı optimizm var ki, “omikron” epidemiyanın sonu ola bilər. Bununla bərabər, başqa versiyalar da səslənir. Deyirlər ki, virusun daha artıq təhlükəli, daha ölümcül yeni versiyaları yarana bilər. Lakin bütövlükdə keçilmiş yolu təhlil edərək bu gün mən bu iki komponenti əsas hesab edirəm: tezliklə yüksək iş qabiliyyətli, çox düzgün komanda yaratmaq, - vurğulamaq istəyirəm ki, bu komanda təkcə həkimlərdən ibarət olmamalıdır, - ikincisi, biz cəmiyyətə fikrimizcə, çox yoxlanılmış və çox düzgün ismarıclar vermişik. Bu, öz təsirini göstərib. Bu, elə mövzudur ki, fürsətdən istifadə edib, hamıya cansağlığı arzu etmək istəyirəm. Ona görə ki, əlbəttə, bu iki il hamı üçün çox mürəkkəb olub. Kimlərinsə daha uğurlu sağalmasına baxmayaraq, təəssüf ki, kimlərinsə müalicəsi nisbətən uğursuz olur, insanlar vəfat edir. Bizdə də ölənlər olur. Çox ümid etmək istərdim ki, biz artıq bu bəlanın sonuna yaxınlaşırıq" - Mehriban Əliyeva əlavə edib.