"Gənc xilasedici” X Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.
FHN-dən “Report”a verilən məlumata görə, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar da iştirak edirlər.
Mərasimdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və yerli Elm və Təhsil, Gənclər və İdman idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Mərasimdə çıxış edən yarışların Təşkilat Komitəsinin sədri, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Daha sonra yarışlara qatılmış komandaların təntənəli keçidi olub, yarışların açılışı qala-konsertlə davam edib.
Qeyd edək ki, iyulun 6-na kimi davam edəcək “Gənc xilasedici və yanğınsöndürən” birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.
Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edir. Builki ümumrespublika birinciliyinin final mərhələsində 18 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar.
Həmçinin respublikanın müxtəlif bölgələrindən olan 19 şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur.
“Gənc xilasedici” beynəlxalq yarışında isə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar qüvvələrini sınayacaqlar.
Sevil Seymur