Gənc fəal: "Prezidentlə görüş əlamətdar an kimi daimi xatirimdə qalacaq"
- 04 fevral, 2022
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
"Gənclər Gününün 25 illiyinə həsr olunan Gənclər Forumu mənim gənclik həyatımda ən əlamətdar bir an kimi daimi xatirimdə qalacaq".
Bunu "Report" açıqlamasında “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı, 2022-ci il Gənclər üçün Prezident mükafatıçısı Səyyarə Gülaliyeva deyib.
O, Prezident mükafatına layiq görüldüyünə görə qürurlu olduğunu vurğulayıb: "Buna görə cənab Prezidentə təşəkkür edirəm. Bu mükafatı dövlət başçısının özündən almaq isə daha böyük həyəcan və qürurverici bir hadisə idi. Düşünürəm ki, bu forum mənim gənclik həyatımda ən əlamətdar bir tədbir kimi daimi xatirimdə qalacaq. Çalışacağam ki, gələcək fəaliyyətimdə də bu etimadı doğruldum, qazandığım bilik və bacarıqları, təcrübələri ölkəmizin inkişafı istiqamətində sərf edim. Forum nəinki iştirakçı gənclər üçün eləcə də, bütün Azərbaycan gəncliyi üçün stimul mənbəyi oldu. İnanıram ki, bundan sonra hər bir Azərbaycan gənci cənab Prezident tərəfindən səsləndirilən dəyərli fikirləri rəhbər tutaraq inamla və daha həvəslə fəaliyyət göstərəcək".
S.Gülaliyeva tələblik illərindən gənclər üçün yaradılan böyük imkanlardan istifadə edərək bir çox yerli və xarici layihə və tədbirlərin iştirakçısı olduğunu bildirib: "2018-ci ildən isə könüllü olaraq “Regional İnkişaf” İctimai Birliyinə qoşuldum. Göstərdiyim ictimai fəallığın nəticəsi olaraq təhsilimi başa vurduqdan sonra əməkdaş olaraq “Regional İnkişaf” İctimai Birliyində çalışmağa başladım. Bu mənim üçün böyük bir şans idi. Bir gənc kimi “Regional İnkişaf” İctimai Birliyində istər könüllü, istərsə də əməkdaş olaraq iştirak etdiyim yerli və beynəlxalq layihələr, tədbirlər gələcək karyeram üçün mənə bir çox faydalı təcrübələr qazandırıb. 2020-ci ildə RİİB tərəfindən yaradılan fürsətdən istifadə edərək xaricdə təhsil proqramına da müraciət etdim. Hazırda İtaliyada magistr dərəcəsi üzrə təhsil alıram, pandemiya ilə əlaqədar olaraq təhsilim onlayn formatda davam edir".
Prezident mükafatçısı vurğulayıb ki, Azərbaycanda Gənclər Günü elan ediləndən bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında olub: "Elə “Regional İnkişaf” İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkənin mədəni, sosial həyatında gənclərin məşğulluğunu təmin etmək, layihə və proqramlar həyata keçirmək, dövlət tərəfindən gənclər siyasətinə və bu qəbildən olan tədbirlərə öz dəstəyini göstərməkdir. “Regional İnkişaf” İctimai Birliyi davamlı olaraq region gənclərinin şəxsi inkişafları üçün layihələr həyata keçirir, proqramlar hazırlayır, gənclərin ictimai nəzarət proseslərinə cəlb edir. Mən də fəaliyyətə başladığım dövrdən bu layihələrin fəal iştirakçısı və təşkilatçılarından olmuşam. Təbii ki, gənclərlə işləmək həm maraqlı, həm də öyrədici bir təcrübədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Bu, böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövrünün, qüdrətli Azərbaycanın, qalib xalqın gəncləriyik. Bu gün gənclərin təşəbbüsləri, əməyi hər yerdə görünməkdədir. Bu imkanları bizə yaratdığına görə gənclər adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".
Qeyd edək ki, fevralın 2-si Azərbaycanda Gəncləri Günü kimi qeyd olunur. Bu il Azərbaycan Gəncləri Gününün təsis olunmasından 25 il keçir. Ötən gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak edib. Dövlət başçısı forumda çıxış edib. Sonra forum işini müzakirələrlə davam etdirib.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 1-də "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir neçə gəncə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilib.