Fərhad Abdullayev: "Konstitusiya islahatlarının aparılması obyektiv tələbata çevrilir"
- 11 noyabr, 2022
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ölkənin Əsas Qanunu ən yüksək hüquqi qüvvəyə malik olmaqla, canlı orqanizm kimi daim inkişafdadır. Bu da təsadüfi deyil, çünki Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan münasibətlər, hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə konstitusiya islahatlarının aparılması obyektiv tələbata çevrilir. Bu baxımdan bu ali sənədin də müəyyən vaxtlarda müvafiq əlavə və dəyişikliklərin edilməsi yolu ilə müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır".
"Report"un xəbərinə görə, bu fikirləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
O xatırladıb ki, məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib: "Şübhəsiz ki, həyata keçirilmiş Konstitusiya islahatları demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insan hüquq və azadlıqlarının təminatına göstərilən diqqətin təzahürü olmaqla, ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir".
"Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən irimiqyaslı islahatlar öz əsasını məhz Konstitusiyadan götürüb. Əsas Qanunda təsbit edilmiş prioritetlər və prinsiplər ölkəmizdə güclü sosial dövlətin qurulmasına, dövlət hakimiyyəti orqanlarının, o cümlədən məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təşkili, eyni zamanda, məhkəmə hakimiyyətinin müstəqilliyinin və hakimlərin statusunun əsasları təsbit edilməklə onların fəaliyyəti üçün əsaslı hüquqi zəmin yaradıb.
Əsas Qanunun dövlətimizin hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin timsalında konstitusiya nəzarəti orqanının yaradılması oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və 1998-ci ildə fəaliyyətə başlamış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir", - F.Abdullayev vurğulayıb.