Ermənistan rəhbərliyinin növbəti yanlış addımları, Azərbaycanı təhrik etmək üçün qondarma rejimə təbrik ünvanlaması bölgənin yenidən müharibəyə sürüklənməsinə gətirib çıxardı.
Bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də öz ərazilərində antiterror əməliyyatları keçirməsini zəruri edən amillər haqqında danışan politoloq Zaur Məmmədov deyib.
O xatırladıb ki, baş verənlər Azərbaycanın lehinə nəticələndi və antiterror tədbirləri regionda söz sahibinin kim olduğunu bütün dünyaya nümayiş etdirdi:
“Bundan sonra Azərbaycan bayrağının Xankəndidə qaldırılması, Qarabağın bütün ərazilərində nəzarətin təmin olunması bütün dünyada işğaldan əziyyət çəkən xalqlar üçün stimul idi. Təsadüfi deyil ki, hər kəs üçün özünəməxsus Azərbaycan nümunəsi ortaya çıxdı”.
Z. Məmmədov vurğulayıb ki, qalibiyyətdən sonra bölgədə sülhü möhkəmləndirmək lazım olduğundan, Ermənistanla sülh danışıqları davam etdirildi:
“Çünki sülh müqaviləsinin imzalanması Ermənistan rəhbərliyi tərəfindən hələ də uzadılmaqdadır. Onlar müxtəlif bəhanələrlə vaxtı irəliyə çəkməklə məşğuldurlar. Ermənistanın Qərbi Zəngəzurda apardığı siyasət antiterror tədbirlərinin davamlı olub-olmayacağını göstərəcək. Bu, rəsmi İrəvanın atacağı növbəti addımlardan asılı olacaq”.
Bölgədə sülhün dayanıqlılığı üçün vacib şərtlərə toxunan politoloq qeyd edib ki, Ermənistan öz konstitusiyasını yeniləməli, sülh müqaviləsinə imza atmalıdır:
“Azərbaycanlılar isə doğma yurd-yuvalarına - Zəngəzura və Göyçəyə qayıtmalıdırlar. Dayanıqlı sülhdən danışmaq üçün bu məsələlər həll edilməlidir. Bu baş verməsə, o zaman bölgədə yeni alovlanma riski arta bilər. Ona görə də düşünürəm ki, Ermənistan rəhbərliyi hadisələrə çox ciddi şəkildə adekvat qiymət verməyi bacarmalıdır. İndiki halda ən böyük çağırış Ermənistan rəhbərliyi ilə cəmiyyətinin bu və digər məsələlərlə bağlı atacağı addımları müəyyənləşdirməsidir”.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa edilib.