Erməni əsirliyində olmuş bir qrup azərbaycanlı mətbuat konfransı keçirdi

Erməni əsirliyində olmuş bir qrup azərbaycanlı mətbuat konfransı keçirdi "Mənim barmağımın qırılmasını, başımın sümüklərindəki problemləri Qırmızı Xaç Komitəsi bilirdi"
Daxili siyasət
7 Yanvar , 2021 14:53
Erməni əsirliyində olmuş bir qrup azərbaycanlı mətbuat konfransı keçirdi

Bu gün Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi dövründə ermənilərin əsir götürdüyü hərbi qulluqçusu Musayev Amin Alim oğlu və girovluqan azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin iştirakı ilə mətbuat konfransı keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb.

O bildirib ki, hadisə baş verdiyi andan etibarən məsələ Azərbaycan Respublikasının Prezident İlham Əliyevin gündəlik diqqət mərkəzində olub:

“Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısında Ermənistanın baş naziri, həmçinin 2020-ci ilin fevral ayının 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində BQXK-nın prezidenti Peter Maurer ilə görüşləri zamanı Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirmişdir ki, gündəmdə olan “hamının-hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilənlərin arasında yer almalıdır. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin humanitar atəşkəsə riayət olunması ilə bağlı 10 oktyabr 2020-ci il tarixli Moskva bəyannaməsindən, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidentinin və Ermənistan Respublikasının baş naziri 10 noyabr 2020-ci il tarixli Bəyanatından sonra BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı ilə keçirdiyi görüşlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini təxirəsalmadan müzakirə etmişdir. Komissiya sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müqabilində konkret təklif irəli sürüb və bu təklifin qarşı tərəfə çatdırılmasını BQXK-dan xahiş edib. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi qələbə müqəddəs Vətən torpaqlarının azad edilməsi ilə yanaşı, 6 il yarım qeyri-qanuni girovluqda saxlanılmış soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin də azadlığa qovuşmasına imkan yaradıb”.

Daha sonra çıxış edən Dilqəm Əsgərov deyib ki, dədə-babalarının qəbirlərini ziyarətə gedən zaman ermənilər tərəfindən girov götürülüb:

“Mən Ermənistan ərazisinə keçməmişdim. Öz ata-baba yurdumu ziyarətə getmişdim. Onlar məni doğma kəndimdə qeyri-qanuni həbs etdilər və Xankəndinə apardılar. Orada mənim iki barmağımı qırdılar, başımın sümüklərində problem var. Xankəndində olduğum bir həftədə mənə yemək vermədilər. Mən tutulanda çəkim 105 kilo idi və 55 kiloya düşmüşdüm. Onlar avtomatın qundağı ilə sinəmə və qoluma vururdular. Məni istintaq vaxtı 15 nəfərin iştirakı ilə döyürdülər. Qalxa bilməsəm də, zorla qaldırırdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin mənə bir il müddətində heç bir köməkliyi olmayıb. Mənim barmağımın qırılmasını, başımın sümüklərindəki problemləri Qırmızı Xaç Komitəsi bilirdi”, - o bildirib.

D.Əsgərov vurğulayıb ki, Şuşada həbsxananın içərisi beton idi:

"Orada acınacaqlı vəziyyət var idi. Dövlətimizin təzyiqi nəticəsində Qırmızı Xaç Komitəsi bizə yemək və digər şeylər alıb gətirirdi. Həbsxanada da mənə işgəncələr, xüsusilə bədənimə elektrik cərəyanı verirdilər. Məqsəd Azərbaycan hökumətinin əleyhinə danışdırmaq idi. Ancaq mən buna imkan vermədim".

Şahbaz Quliyev də ermənilər tərəfindən ona verilən işgəncələrdən danışıb:

“Mən çox şadam ki, Azərbaycana qayıda bilmişəm. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Məndə göz-baş qalmamışdı, ciyərlərimi ödə kimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu. Onların qondarma “Milli Təhlükəsizlik” qurumu dubinkaları belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə deyirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini de. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışdılar ki, oturun burada”.

Erməni əsirliyində olmuş hərbi qulluqçumuz Amil Musayev Vətənə qayıtdığı üçün Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib:

“Düşünürəm ki, əsir düşməkdənsə ölmək yaxşıdır. Əsir götürülən zaman mənə nalayiq söz dedilər və mən onların cavablarını verdim. Orada rus jurnalistin olmasını belə bilmirdim. Məni sonra tibbi maşına mindirəndə də vurdular. Müəyyən yol getdikdən sonra maşını saxlayıb yenə vururdular. Sonra huşumu itirdim. Xəstəxanada olduğumu isə sonradan bildim. Həkim sarğı edən zaman səsim çıxanda belə məni vururdu. Kefləri nə zaman istəyəndə isə yemək verirdilər. Gətirib tullayıb gedirdilər”.

Onlar sonda jurnalistlərin suallarını cavablandırıblar.

13:41

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi dövründə ermənilərin əsir götürdüyü hərbi qulluqçu Musayev Amin Alim oğlu və girovlar Dilqəm ƏsgərovŞahbaz Quliyev mətbuat konfransı keçirir.

“Report”un xəbərinə görə, Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə ermənilərin əsir və girovlara verdikləri işgəncələr, məruz qaldıqları qeyri-insani davranışa dair faktlar açıqlanır.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki vətəndaş erməni əsirliyindən və girovluğundan azad olunaraq Bakıya gətirilib.

Son xəbərlər

Orphus sistemi