Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Rəfail İşiyevin adına bulağın açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları, rayon rəsmiləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar. Həmçinin qeyd olunub ki, bu gün şəhidin doğum günüdür.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. 16 il Azərbaycan Ordusunun sıralarında xidmət edən və 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Rəfail İşiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən gedən ağır döyüşlərə qatılıb, yaralanmasına baxmayaraq bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. O, noyabr ayının 3-də Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rəfail İşiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.