Beynəlxalq Kənd Təsərrüfatı Konqresinin 7-cisi Naxçıvan Dövlət Universitetində keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi konqres Türkiyənin Pamukkale, Giresun, İğdır, Kahramanmaraş Sütçü İmam Universitetləri və Anadolu Ziraat Mühəndisliyi Dərnəyinin birgə təşkilatçılığı ilə açılışı baş tutub.
Konqresdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru, professor Alptekin Yasim, İğdır Universitetinin professoru Səlahəttin Çələbi, Dənizli vilayətinin Baklan bələdiyyəsinin sədri Yusuf Gülsevər, Dənizli vilayətinin Çameli bələdiyyəsinin sədri Cəngiz Arslan çıxış ediblər, Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində güclü əməkdaşlıqdan bəhs ediblər. Bildirilib ki, qlobal istiləşmə və su ehtiyatlarının sürətlə tükənməsi dünyada kənd təsərrüfatı istehsalının azalması ilə əlaqədar olaraq ərzaq təhlükəsizliyi ölkələrin ən mühüm prioritetinə çevrilib.
Sonra Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında konsert proqramı baş tutub.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Konqres yerlərdə bölmə iclasları ilə öz işini davam etdirib. 61 mövzu ilə 3 salonda davam edən konqresə dünyanın 7 ölkəsindən 70-dən çox məruzəçi qatılıb.
İki gün davam edən konqresin sonunda iştirakçılara sertifikat təqdim edilib.