Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların aparılması zəruridir - RƏY

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların aparılması zəruridir - RƏY Xırda bələdiyyələrin birləşdirilməsi daha böyük və güclü bələdiyyələrin yaranmasına xidmət edəcək.
Daxili siyasət
26 Fevral , 2024 13:45
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların aparılması zəruridir - RƏY

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsinin zəruri və günün tələbi olduğunu bildirib.

Deputat “Report”a açıqlamasında qeyd edib ki, 2024-cü il bələdiyyələr üçün əlamətdar ildir.

Onun sözlərinə görə, bu il bələdiyyə institutunun yaradılmasının 25 yaşı olur və onlar bu illər ərzində kifayət qədər böyük yol keçiblər:

"Bundan başqa, cari ildə keçiriləcək bələdiyyə seçkiləri də özlüyündə tarixi əhəmiyyət daşıyacaq. Çünki sözügedən seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçiriləcək. Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız 25 il ərzində bələdiyyəyə seçmək və seçilmək hüququndan da məhrum olublar. Azad olunmuş ərazilərdə güclü, təkmil bələdiyyələrin yaradılması, ölkə üzrə bələdiyyələrin daha da gücləndirilməsi, maliyyə baxımından müstəqilləşdirilməsi məqsədilə bələdiyyələrin birləşdirilməsi prosesi aparılacaq. Bununla bağlı müvafiq layihə də artıq Milli Məclisə daxil olub”.

O qeyd edib ki, 25 il ərzində iki dəfə - 2009 və 2011-ci illərdə bələdiyyələrin birləşdirilməsi prosesi gedib:

"1999-cu ildə ilk dəfə bələdiyyə seçkiləri keçiriləndə 2 700-dən artıq bələdiyyə mövcud idi və həmin birləşmələr nəticəsində onların sayı 1 606-ya qədər endirilib”, - deputat xatırladıb.

Parlamentari əlavə edib ki, hazırda bələdiyyələrin fəaliyyəti qənaətbəxş hesab olunmur. Deputatın sözlərinə görə, onların 87 faizi kənd bələdiyyələridir və bir çoxunun maliyyə durumu da yaxşı deyil:

"Bələdiyyələrin həm yaxşı xidmət göstərmək, həm də özünü saxlaya bilməsi üçün maliyyə vəsaitinə ehtiyacı var. Bu baxımdan onların birləşməsi maliyyə imkanlarının artırılması və müstəqilləşməsi üçün bir vasitədir. Çünki bələdiyyələr birləşdikcə, böyüdükcə maliyyə imkanları, torpaq ehtiyatları artacaq, bu da vətəndaşlara daha yaxşı xidmət verməyə kömək edəcək. Bütün bunlarla yanaşı böyük bələdiyyələrin daha böyük vergi tutma bazası olur. Hesab edirəm ki, bələdiyyələrin birləşməsi qəbul olunmuş praktikadır və onların sayının azaldılması bələdiyyələri daha çevik, işlək quruma çevirəcək”.

Deputat deyib ki, azad edilmiş ərazilərdə yaradılacaq bələdiyyələr davam edən geniş quruculuq, abadlıq işlərinə uyğun şəkildə aparılmalıdır: “Çünki bu gün orada xüsusi idarəetmə modeli tətbiq edilir və Prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Təbii ki, yeni yaradılacaq bələdiyyələr də eyni qaydada, yüksək səviyyədə işini qura bilməlidirlər. Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin yaxın gələcəkdə təkmilləşdirilməsi məqsədilə islahatların keçirilməsi zəruri və günün tələbidir”.

K.Bayramov vurğulayıb ki, Seçki Məcəlləsinin 210-cu maddəsinə əsasən, əhalinin sayına görə bələdiyyələr formalaşıb və ən az 500 nəfərdən ibarət əhalisi olan yaşayış məntəqələrinin bələdiyyələri var idi: “Yeni layihəyə əsasən, həmin say 3 min nəfərə qaldırılacaq. Yəni, əhalisi 3 min nəfərdən aşağı olan yaşayış məntəqəsinin bələdiyyələri ya ləğv ediləcək və ya birləşdiriləcək. Bu addım da xırda bələdiyyələrin kəskin şəkildə azaldılmasına və daha böyük, güclü bələdiyyələrin yaranmasına xidmət edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.

Son xəbərlər

Orphus sistemi