Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
"Report"un məlumatına görə, konfransın təşkilində məqsəd bələdiyyələrdə komissiyaların işinin təşkili, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınması, bu sahədə mövcud vəziyyətin təhlili və fikir mübadiləsinin aparılmasıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, komissiyaların işinin asanlaşması və əhalinin düzgün məlumatlandırılması üçün əlçatanlığı təmin etmək lazımdır:
"Sosialyonlü qanunlar cəmiyyətə xidmət etmək üçün qəbul edilir. Bizim əsas məqsədimiz həmin qanunların mahiyyətini tədbirlər, konfranslar təşkil edərək insanlara çatdırmaqdır".
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva vətəndaşlara göstərilən xidmətlərdən danışıb:
"Son 11 ayda 10 bələdiyyədə 64 ailənin ailə-məişət məsələsi müzakirə olunub. Həmin məsələlərə təhsildən yayınma, vətəndaş hüququnun bərpası, tövsiyə xarakterli danışıqlar aiddir".
Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədr müavini, Gender Komissiyasının sədri Leyla Məmmədova isə gender mövzusunda göstərilə biləcək xidmətlərdən bəhs edib.
"Gəncə şəhərində məişət zorakılığına məruz qalan 16 gənc xanıma ödənişsiz şəkildə həkim və psixoloq dəstəyi göstərilib, bağçalarda fəaliyyət göstərən rəhbər şəxslərlə təlimlər keçirilib. Lakin bu fəaliyyətlərin davamlı olması çox önəmlidir. Maliyyə və güc baxımından dəstək lazımdır", - deyə o əlavə edib.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.