İyunun 8-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rusiya Federasiyasının vətəndaşı Mirhəsən Seyidovun naməlum şəxslər tərəfindən oğurlanması və azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pulun tələb edilməsi barədə müraciət daxil olub.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Qeyd edilən müraciətlə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin gün saat 16 radələrində Rafiq Hüseynov tanışı Anar Mehdiyevlə qabaqcadan əlbir olub Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olan dayısı Mirəkbər Seyidovdan xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə sonuncunun oğlu Mirhəsən Seyidovu Bakı şəhəri Ramana qəsəbəsində yerləşən evinə dəvət edib, birlikdə yemək yedikdən sonra isə Mirhəsən Seyidovun əllərini və ayaqlarını yapışqanlı lentlə oturaq vəziyyətdə bağlayıb faktiki öz iradəsinə zidd qanunsuz azadlıqdan məhrum etməklə mobil telefonla fotoşəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərib və oğlunun azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pul vəsaitini tələb edib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Bu gün Anar Mehdiyev və Rafiq Hüseynov CM-nin qeyd edilən maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.