Baş prokuror Kamran Əliyevin sədrliyi ilə yanvarın 19-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsi keçirilib.
"Report"a qurumdan verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2023-cü il Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illiyinin tamam olması ilə də yadda qalıb.
"Məhz bu illər ərzində dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun əsas güc mərkəzinə çevirib, ölkənin iqtisadi rifahının tərəqqisinə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş qismində tanınmasına rəvac verib, ən əsası isə on illiklər boyu işğal altında olan torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, 2023-cü ilin oktyabr ayının 15-də isə Müzəffər Ali Baş Komandan dövlət bayrağımız tarixi Azərbaycan torpaqları olan Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə qaldırıb", - o deyib.
Müşavirədə çıxış edən Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılan müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilən əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmayan və məhkəmələrə göndərilən cinayət işləri, istintaq zamanı vurulan ziyanın ödənilməsi ilə əlaqədar görülən tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarədə 10.897 müraciətə baxılıb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilən, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 204 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.
Qeyd edilən müddət ərzində Baş İdarədə 382 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 301 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 81 material üzrə isə vurulan maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilən və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilən 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilən cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulan 91 milyon 555 min 723 manat məbləğində maddi ziyandan 36 milyon 118 min 014 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılan cinayət işləri üzrə 43 milyon 180 min 362 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Bundan başqa, ötən dövrdə icraatına xitam verilən cinayət işləri üzrə özgə əmlakına vurulan 13 milyon 926 min 714 manat məbləğində maddi ziyan tam olaraq ödənilib.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.