2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra xüsusi xidmət orqanları tərəfindən saxlanılan erməni separatçılarının rəhbərləri ilə bağlı istintaq davam edir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-də Mir Şahin Ağayevə müsahibəsində deyib.
"Həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. Çünki onlar çoxsaylı cinayətlər törətmişlər. Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - Baş prokuror bildirib.
K.Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək: "Bununla da beynəlxalq təşkilatlar, eləcə də bir qrup ölkələr şəffaf, hərtərəfli və obyektiv məhkəmə baxışının baş tutduğunun şahidi olacaqlar".