Bakıda şəhid ailələrinin iştirakı ilə kitab təqdimatı keçirilib

Bakıda şəhid ailələrinin iştirakı ilə kitab təqdimatı keçirilib Bakıda şəhid ailələrinin iştirakı ilə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.
Daxili siyasət
18 Fevral , 2022 15:37
Bakıda şəhid ailələrinin iştirakı ilə kitab təqdimatı keçirilib

Bakıda şəhid ailələrinin iştirakı ilə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.

“Report” xəbər verir ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə hazırlanıb.

Azyaşlı uşaqlar üçün nəzərdə tutulan kitab Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilib.

Binəqədi rayonunda yerləşən şəhid N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri, müəllim və şagird kollektivi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov və şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva iştirak ediblər.

Qonaqlar ilk öncə məktəbin güşəsində şagirdlərin hazırladığı kompozisiya ilə tanış olublar.

Daha sonra bədii hissə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxışında bildirib ki, "Bizim böyük Qələbəmiz" adlı kitabın təqdimatı vətənpərvərlik ruhunda yazılmış əsərlərin təcəssümüdür: “44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, biz belə tədbirlərdə iştirak edirik. Məhərrəm 100 nömrəli tam orta məktəbdə təhsil alıb. Arzu edirəm ki, bu məktəbi bitirən hər bir gənc də Məhərrəm kimi mərd, cəsur və qorxmaz olsun. Biz şəhidlərimizi unutmuruq, unutmayacağıq”.

Şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva deyib ki, oğlu Samir də bu məktəbi bitirib: “Şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün bu kitabın rolu böyükdür”.

N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova vurğulayıb ki, gələcək nəsillər, yəni balaca balalarımız  bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğulayıb ki, Zəfər günü ilə bağlı yazılan tarixi kitabın ictimaiyyətə təqdim olunması qürurvericidir: "Şəhid Samir və Məhərrəm kimi oğullar yetişdirən bir məktəb daha neçə-neçə qəhrəmanlar yetişdirəcək".

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhid və qazilərin igidliklərindən, göstərdiyi döyüş fəaliyyətlərindən, Vətən müharibəsindəki şanlı qələbədən söz açıb.

Qeyd edək ki, “Bizim böyük Qələbəmiz” adlı kitab Bakı Şəhəri İcra Hakimiyyətinin Vətən müharibəsinə həsr etdiyi dördüncü kitabdır. Bu proses rayonlarda da uğurla davam etdirilir.

Son xəbərlər

Orphus sistemi