*** saat 10:48
Bakı. 31 avqust. REPORT.AZ/ Bakıda Azərbaycan Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Çıxış edən MSK sədri Məzahir Pənahov xatırladıb ki, 26 sentyabrda keçiriləcək referendumla bağlı Mərkəzi Seçki Komissiyası işlərini davam etdirir, artıq 3 təşviqat qrupu qeydə alınıb, referendumla bağlı Təqvim Planı təsdiq edilib: “Seçkilərdə ən əsas tərəflərdən biri kütləvi informasiya vasitələridir, çünki ölkə miqyasında keçirilən tədbirlərin məğzi ondan ibarətdir ki, bunlar ictimaiyyətə çatdırılsın. Yəni, Mərkəzi Seçki Komissiyasının tərəf müqabili mediadır. Biz buna xüsusi diqqət yetiririk”.
Sonra çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, sentyabrın 26-da keçiriləcək referendumu ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır.
Prezidentin köməkçi səsvermə prosesindən öncə və sonra medianın üzərinə düşən məsuliyyətdən danışıb.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də çıxışında kütləvi infomasiya vasitələrinin fəaliyyətindən danışıb. O bildirib ki, media referendumda qeydə alınan təşviqat qruplarına bərabər şərait yaratmalıdır.
Müşavirə digər iştirakçıların çıxışları ilə davam edib.