Babək rayonunun Vayxır kəndində kompleks quruculuq işləri aparılıb

Babək rayonunun Vayxır kəndində kompleks quruculuq işləri aparılıb Babək rayonunun Vayxır kəndində kompleks quruculuq işləri aparılıb.
Daxili siyasət
1 Fevral , 2023 19:23
Babək rayonunun Vayxır kəndində kompleks quruculuq işləri aparılıb

Babək rayonunun Vayxır kəndində kompleks quruculuq işləri aparılıb.

“Report”un yerli bürosu xəbər verir ki, həmin kənddə məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

Vayxır kənd tam orta məktəbinin müəllim və şagird kollektivi qış tətilindən sonra tədrisi daha müasir şəraitdə davam etdirirlər. Kənd məktəbinin binası yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədova məlumat verilib ki, Vayxır kənd tam orta məktəbinin yeni binası 378 şagird yerlikdir. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılıb. 2 mərtəbədən ibarət tədris ocağında 4-ü elektron lövhəli olmaqla 21 sinif otağı, ən müasir əyani vəsaitlərlə təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, STEAM kabinəsi, şahmat sinfi, hərbi kabinə, 4 mindən artıq fonda malik kitabxana, müəllimlər otağı, geniş idman zalı və digər otaqlar yerləşir.

Müəllimlərlə görüşən baş nazir Səbuhi Məmmədov bildirib ki, dövlət başçısının imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının ardıcıl icrası ölkəmizdə təhsilin inkişafını təmin edib. Vayxır kənd tam orta məktəbində yaradılan ən müasir tədris şəraiti də bu işlərin davamıdır.

Səbuhi Məmmədov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada bütün təhsil müəssisələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir qeyd edib ki, Vayxır kənd tam orta məktəbi də bu qayğıdan yararlanaraq həm maddi-texniki bazası, həm də pedaqoji kollektiv cəhətdən tam komplektləşidirilib. Bu da məktəbdə tədrisin daha səmərəli və effektiv təşkilinə şərait yaradacaq. Rəhman Məmmədov məktəbin kollektivi adından yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Məktəbin foyesində yeni “Zəfər tariximiz” və məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi İman Alməmmədovun xatirəsinə hazırlanmış “Şəhidlər unudulmur” guşələri də yaradılıb.

Vayxır kəndində istifadəyə verilən daha bir müasir binada isə Kənd mərkəzi və Həkim ambulatoriyası fəaliyyət göstərəcək.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt, kitabxana, mədəniyyət işçiləri üçün otaqlar, 44 yerlik zal, polis sahə məntəqəsi, arxiv və digər iş otaqları yerləşir. Həmçinin binada 352 abunə tutumlu yeni nəsil ATS qurulub.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov və Vayxır kənd inzibati ərazi dairəsi üzr nümayəndə Vüqar Quliyev yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Vayxırda istifadəyə verilən Həkim ambulatoriyası kənd sakinlərini fasiləsiz tibbi xidmətlərlə təmin edəcək. Burada baş həkim, stomatoloq, palata, doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı müasir tibbi avadanlıqlarla təmin olunub.

Kənddə sakinlərin zəruri tələbatına uyğun Xidmət mərkəzi də istifadəyə verilib. Ərzaq, ət, təsərrüfat və sənaye malları mağazaları, bərbər, gözəllik salonu və dərzi emalatxansının istifadəyə verildiyi mərkəzdə 6 nəfər işlə təmin edilib.

Aparılan kompleks quruculuq işləri çərçivəsində 10 kilometr məsafədə avtomobil yolu da asfaltlanıb, ətraf abadlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi