Yuxarı

Azərbaycanlı nazir: “İnklüziv cəmiyyətin formalaşdırılması cəmiyyət qarşısında duran ən böyük çağırışlardandır”

“İnklüziv cəmiyyətlərin formalaşmasında ən böyük pay özəl biznesin payına düşür”

Bakı. 25 aprel. REPORT.AZ/ “Milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, insanların harmoniya və tolerantlıq ənənələrində yaşadığı Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi ümumibəşəri dəyərlərə sadiqliyimizi bir daha göstərdi. İnklüziv cəmiyyətin formalaşdırılması cəmiyyət qarşısında duran ən böyük çağırışlardandır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən biznes simpoziumunda deyib.

O bildirib ki, son illər dünyada gedən proseslər, tolerantlıq ənənələrinin sarsılmaz hesab edildiyi bəzi ölkələrdə baş verən hadisələr məsələnin aktuallığını daha da artırır: “Buna görə bu gün işinə başlayan biznes simpozium üçün inklüziv cəmiyyətdə özəl biznesin rolu və məsuliyyəti seçilib. Məlum olduğu kimi, inklüzivlik, yoxsullar, fiziki və əqli cəhətdən qüsurlu şəxslər, qaçqınlar və köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir əldə etmək imkanlarının yaradılması, onların maddi nemətlər əldə etməsi və onlardan yararlanmaq imkanlarının artırılmasını, başqa sözlə, rifahın təmin edilməsini nəzərdə tutur. İnklüziv cəmiyyətlərin formalaşmasında ən böyük pay özəl biznesin payına düşür. Dünya ölkələrində cəmiyyətin inklüzivliyini təmin etmək üçün bir sıra müxtəlif inkişaf və sosial yönümlü layihələr icra olunur. Belə layihələrə misal olaraq yoxsulluq səviyyəsinin nisbətən yüksək olduğu regionlarda iş yerlərinin yaradılmasını təmin edən investisiya layihələrinin icrasını göstərmək olar”.

Nazir qeyd edib ki, inklüziv cəmiyyətin formalaşması baxımından bir sıra ölkələrin üzləşdiyi əsas çağırışlardan biri qaçqın və miqrantların məskunlaşdığı məkanların cəmiyyətin bir parçasına çevrilməsinin, öz vətənlərini tərk etmək məcburiyyətində olan şəxslərin cəmiyyətin tam hüquqlu üzvləri kimi qəbul edilməsini və onların elmi, iqtisadi və yaradıcılıq potensillarının tam həcmdə reallaşdırmasını təmin etməkdir: “Bu gün Cənubi Qafqaz regionun inkişafında ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunan və bir milyondan çox qaçqını normal həyat şəraiti ilə təmin etmək vəzifəsi ilə üzləşmiş Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinə nə qədər səylərin tələb olunduğunu aydın anlayır. Ölkəmiz bu işə böyük vəsaitlər yönəltməklə bərabər beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inklüziv cəmiyyətin formalaşması və qaçqın və məcbui köçkünlərin, əlil və qadınların vədigər həssas qrupların rifahının yüksəldilməsinə yönələn layihələr icra olunub”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi