"Biz Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun yubileyini Şuşa şəhərində qeyd etmək istəyirik".
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında qardaş ölkədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
"Bildiyiniz kimi, Əhməd bəy Ağaoğlu Azərbaycanın böyük şəxsiyyətidir. Bu il onun qızı Sürəyya Ağaoğlunun 120 yaşı tamam olur. Sürəyya Ağaoğlu Şuşa şəhərində doğulub. Biz çox istərdik ki, onun yubileyini Şuşada qeyd edək. Sürəyya Ağaoğlu türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadın vəkilidir", - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vurğulayıb.
Qeyd edək ki, Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olub. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olub.
O, 1989-cu il dekabrın 29-da İstanbulda vəfat edib.