Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin aprelin 26-da təntənəli bağlanış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan Ordusunun, Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti, həmçinin hər iki ölkənin respublikamızdakı səfirləri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi general-polkovnik Levent Ergün və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov çıxış ediblər.
Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışılıb.
2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətlərinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlıq ifadə olunub, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.
Bağlanış mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqram təqdim edilib.