ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ilkin rəy sorğusunun nəticələrini açıqlayıb.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ABŞ-nin “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bu gün Şuşada keçirilən mətbuat konfransında deyib ki, sözügedən təşkilat və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib.
Onun sözlərinə görə, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub: "Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 3 000 nəfər respondent cəlb edilmişdir. Bunlardan 24,1%-i Bakı şəhərindən, 8,3% digər böyük şəhərlərdən, 21,3%-i kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3%) kəndlərdən olmuşdur. Sorğuda iştirak edənlərin 49,3%-i (1 479 nəfəri) qadın, 50,7%-i (1 521 nəfəri) kişi olmuşdur. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılmışdır və respondentlərin 36,2%-i 18-34 yaş arası, 39,0%-i 30-54 yaş arası, 24,8%-i 55 və daha çox yaşda olan insanlar olmuşlar. Sorğunun 24,1%-i Bakı şəhərinə, 4,8%-i Naxçıvana, 6,1%-i Abşeron-Xızı, 3,4%-i Dağlıq Şirvan, 6,4%-i Gəncə-Daşkəsən, 6,8%-i Qarabağ, 7,2%-i Qazax-Tovuz, 5,9%-i Quba-Xaçmaz, 10,0%-i Lənkəran-Astara, 7,8%-i Mərkəzi Aran, 6,6%-i Şəki-Zaqatala, 5,3%-i Şirvan-Salyan bölgələrinə aid olmuşdur".
Sorğu vərəqindəki sualları belə qruplaşdıra bilərik:
1. Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi;
2. Ölkənin hazırkı vəziyyətinə münasibət;
3. Əhalinin siyasi fəallıq səviyyəsi;
4. Ermənistan-Azərbaycan münaqişəsi; Vətən müharibəsinə dəstək.
“Ümumiyyətlə əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz?” sualına 34,9% “Demək olar ki, hər zaman” variantını seçiblər. Daha 28,4% “Hər zaman”, 11,1% isə “Çox vaxt” cavabı veriblər. Bu isə əhalinin seçkilərdə olan aktivliyinin göstəricisidir.
Sorğuda iştirak edənlərdən 4,5% ilk dəfə səs verdiyini, 16% demək olar ki, səs vermədiyini, 5% isə ümumiyyətlə səsvermədə iştirak etmədiyini bildirib.
Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə ünvanlanmış “Hazırda ölkəmizin üzləşdiyi ən vacib problem hansıdır?” sualına 2,3% iqtisadi vəziyyəti, 34,9% məşğulluğu, 27,1% əməkhaqqını, 0,4% Azərbaycanın beynəlxalq arenada rolunu, 0,1% cinayətkarlığı, 14,1% korrupsiyanı, 6,7% təhsili, 0,2% ekologiyanı, 13,1% səhiyyəni, 1,1% isə məişət zorakılığını qeyd edib.
Seçicilər arasında ölkənin “düzgün istiqamətdə” getdiyi və Prezidentin yaxşı iş gördüyü barədə əminlik hissi var.
“Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz?” sualına seçicilərin 81,2%-i “düzgün istiqamət”, 12,3%-i isə “yanlış istiqamət” cavabını veriblər.
“Hazırkı Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirərdiniz?” sualına 96.0% seçici əla, 2,5% yaxşı, 0,8% qənaətbəxş cavabını veriblər.
Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün olduqca təhlükəsiz ölkə olduğunu hesab edirlər.Belə ki, “Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı” sualına cavab olaraq, sorğulanan şəxslərin 85,4% BƏLİ cavabını veriblər.
“Prezident seçkiləri bu günə təyin edilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” sualına verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərindən razıdır.
Belə ki, respondentlərin 97% İlham Əliyevin, 1.2% Zahid Orucun, 0.7% Fazil Mustafanın, 0,5% Razi Nurullayevin, 0,3% Qüdrət Həsənquliyevin, 0,2% Fuad Əliyevin, 0,1% isə Elşad Musayevin adını çəkib.
Nəhayət, Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir.
Respondentlərin 98,50%-i “Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi?” sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.
Respondentlərin əksəriyyəti “Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib?” sualına 72,5% “Müsbət”, 2,6% “Mənfi”, daha 24,9% “Neytral” variantlarını seçib.
Bütün cavablar əhalinin mövcud hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, verilən cavablar əhalinin hazırki iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.
Bu bloka daxil olan və Prezident İlham Əliyevə münasibətlə bağlı suala verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında yekun fikir formalaşdırmağa imkan yaradır.
Beləliklə, bilavasitə Prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş seçki öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.
Aparılmış sosioloji sorğunun nəticələri göstərir ki, 07 fevral 2024-cü il prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir.
ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” (VƏHML) bu qənaətə gəlir ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyəsində aparılmasından xəbər verir.