Yuxarı
    Bağlamaq

    Fransalı müşavir: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz torpaqlarında girov götürülməsi Cenevrə Konvensiyasının pozulmasıdır"

    Florans Qabay: “Bu faktı hamıya bəyan etməliyik”
    © Report

    Paris. 19 dekabr. REPORT.AZ/ "Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpaqlarında Ermənistan tərəfindən girov götürülərək qanunsuz olaraq məhkum edilməsi Cenevrə Konvensiyasının pozulmasıdır". 

    Bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında Robert Şuman İnstitutunun vitse-prezidenti, Fransa Milli Assableyasında parlament müşaviri Florans Qabay bildirib. 

    O deyib ki, həmin ərazilər Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinə daxildir: "Biz bu barədə hamını məlumatlandırmalıyıq. Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpaqlarında ermənilər tərəfindən girov götürülməsi, həmçinin "məhkəmə" tərəfindən qanunsuz olaraq məhkum edilməsi beynəlxalq hüquq normalarının pozulması deməkdir. Bu faktı hamıya bəyan etməliyik. Bunu Avropa Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, qeyri-hökümət təşkilatlarına, Avropa Parlamentinin üzvlərinə, Fransa Senatı və Milli Assambleyası tərkibində fəaliyyət göstərən Fransa-Azərbaycan Dostluq Qrupunun üzvlərinə dönə-dönə xatırlatmalıyıq. Mən deyə bilmərəm ki, biz bu tədbirləri görməklə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sabah öz evlərinə dönməsinə kömək edə biləcəyik. Belə məsələlər vaxt tələb edir. Bu həqiqəti dərk etmək və uyğun qərar vermək üçün vacibdir. Ermənistan tərəfindən pozulmuş qanunların maddələrini dönə-dönə xatırlatmaq və hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu məsələyə baxdığını diqqətə çatdırmaq gərəkdir”.

    F.Qabay həmçinin azərbaycanlı məcburi köçkünlərin vəziyyətinə də toxunub: “Mən özüm də anayam. Azərbaycanlı məcburi köçkün anaların, ataların əzablarına biganə qala bilmirəm. Azərbaycanlı məcburi köçkünlərin çəkdikləri əzablarda iki element mənim diqqətimi cəlb edib. Onlarda bir ümid var. Bir tərəfdən, bu ümid Azərbaycan dövlətinədir və hökumət məcburi köçkünlərin qayğısına yüksək səviyyədə qalmaqda davam edir. Digər tərəfdən, məcburi köçkünlərin üzləşdikləri əzablı həyatın onların ümidlərini qıra bilməməsi məni heyrətə gətirir. Vitse-prezidenti olduğum Robert Şuman İnstitutu Avropa Şurasında təmsil olunmaq səlahiyyətinə malikdir. Azərbaycan da Avropa Şurasının üzvüdür. Azərbaycanlı məcburi köçkünlərin məsələsi Robert Şuman İnstitutunun diqqət mərkəzində olan məsələlərdəndir. Bizim institut Avropanın banilərindən olan Robert Şumanın adını daşıyır. O, əsl xristian olub. Robert Şuman həmişə xalqların mədəniyyətinə, sivilizasiyasına böyük hörmətlə yanaşıb. Biz də bu gün onun irsini yaşadırıq. Biz Dağlıq Qarabağdan didərgin düşmüş məcburi köçkünlərin məsələsini daha yaxından öyrənib əlimizdə olan imkanlar çərçivəsində bu məsələnin həllini tapmağa çalışacağıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi