Latviya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonunda vəziyyətin gərginləşməsindən və Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşılıqlı atəşdən narahat olduğunu bildirir.
"Report" xəbər verir ki, Latvuya XİN-i bu hadisələrin sülhə və stabilliyə ciddi təhlükə yaratdığı və hər iki tərəfin itkilərinə səbəb olduğunu bildirib.
Latviya Xarici İşlər Nazirliyi hər iki tərəfi atəşi dayandırmağa və atəşkəsə əməl etməyə çağırır: "Ermənistan və Azərbaycan münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkət və bəyanatdan çəkinməlidirlər.
Dağlıq Qarabağda münaqişə ilə bağlı Latviyanın mövqeyi bəllidir: Latviya, Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında qeyd olunduğu kimi istənilən ölkənin suverenliyini və onun ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və ATƏT-in Minsk qrupu çərçivəsində qəbul edilmiş ümumi beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll edilə bilər".