BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal istiləşməni 1,5°C-dək məhdudlaşdırmağı nəzərdə tutan kollektiv öhdəliyi təsdiqləmək üçün əla fürsətdir.
"Report" xəbər verir ki, bunu San-Tome və Prinsipi Prezidenti Karluş Vila-Nova BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizədə ön sıralardadır: “İqlim böhranı ölkəmizin əhalisinin mövcudluğu üçün ciddi təhdiddir”.
“Dəniz səviyyəsinin yüksəlməsi, tez-tez baş verən şiddətli fırtınalar, sahil eroziyası və biomüxtəlifliyin itirilməsi təkcə mövcud olma vasitələrini deyil, həm də bizim mövcudluğumuzu təhdid edir. Ona görə də bizim kimi ən çox əziyyət çəkən dövlətlərin səsinin eşidilməsi üçün beynəlxalq ictimaiyyətin Paris sazişinə sadiqliyi həyati əhəmiyyət kəsb edir.
Biz təkcə iddialı deyil, həm də təcili olan qlobal fəaliyyətə çağırırıq. Bu ilin noyabrında keçiriləcək COP29 iqlim konfransı qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmağı ehtiva edən kollektiv öhdəliyi təsdiqləmək üçün mühüm fürsət olacaq”, - prezident bildirib.
Karluş Vila-Nova vurğulayıb ki, iqlim böhranının təsirlərini yumşaltmaq üçün konkret və təcili tədbirlər görülməlidir.
“Biz istixana qazı emissiyalarına görə cavabdeh olan ən iri ölkələri öz tarixi və mənəvi öhdəliklərini yerinə yetirməyə, emissiyaları kəskin şəkildə azaltmağa və inkişaf etməkdə olan ölkələrə vəd olunan iqlim maliyyəsi vəzifələrini icra etməyə çağırırıq.
Böhranın əvəzini məhz sonuncular ödəyir. Bundan əlavə, biz uyğunlaşmanın maliyyələşdirilməsi mexanizmlərini genişləndirməyə çağırırıq, çünki dayanıqlığımızı artırmalıyıq”, - o vurğulayıb.