Rosen Plevneliev: COP29 zamanı Bakıda qlobal liderlərin bir yerə toplaşdığını görəcəyik

Rosen Plevneliev: COP29 zamanı Bakıda qlobal liderlərin bir yerə toplaşdığını görəcəyik “COP29 zamanı Bakıda qlobal liderlərin bir yerə toplaşdığını görəcəyik”.
COP29
8 Oktyabr , 2024 02:38
Rosen Plevneliev: COP29 zamanı Bakıda qlobal liderlərin bir yerə toplaşdığını görəcəyik

“COP29 zamanı Bakıda qlobal liderlərin bir yerə toplaşdığını görəcəyik”.

Bunu Bolqarıstanın sabiq prezidenti, Azərbaycanın COP29-a sədrliyi üzrə Beynəlxalq Məsləhət Şurasının üzvü Rosen Plevneliev “Report”un ABŞ bürosuna müsahibəsində deyib.

R.Plevneliev bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük uğurdur: “Azərbaycanın planetin gələcəyinə, gənclərə və gələcək nəsillərə dair birgə razılaşmanın əldə olunmasında əsas rol oynayacağına dair güvən mövcuddur. Azərbaycanın COP29-a sədrliyi üzrə Beynəlxalq Məsləhət Şurasının üzvü olaraq, mən hazırlıqları, bütün danışıqları diqqətlə izləyirəm.

Bizim Londonda, Almaniyada və Nyu-Yorkda görüşlərimiz oldu. Komandalar dünyanın hər yerində, böyük və kiçik ölkələr, zəngin və kasıb, bütün millətlərlə danışıqlar aparır. Çünki potensial qlobal razılaşmalar haqqında qərarlar veriləndə bütün bu ölkələr masada olmalıdır. Azərbaycan etibar və səmərəlilik vəd edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə tarixi missiyasını yerinə yetirəcək və buna dair heç bir şübhəmiz yoxdur”.

Diplomat deyib ki, Azərbaycan mühüm qərarlar qəbul etmək yolundadır və öz təşəbbüslərini irəli sürüb:

“Vurğulamaq lazımdır ki, Azərbaycan güclü mövqeyə malikdir, çünki o, ötən illər özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına rəhbərlik edib.

Bundan başqa, Azərbaycan masaya bütün ölkələr tərəfindən dəstəklənə biləcək yeni ideyalar gətirib. Məsələn, yeni idarəetmə və şəffaflıq üsulu ilə yardıma ehtiyacı olanlara kömək edəcək fond ideyası Azərbaycana məxsusdur. Hər kəs yenidən Azərbaycanın gücünü görəcək. Söhbət yalnız maliyyə məsələlərinə yönələn bir COP-dan getmir. Azərbaycanın vurğulayacağı ən vacib məsələ ondan ibarətdir ki, bütün dünya ölkələri qlobal istiləşmənin qarşısını necə alacaqlarına dair öz milli hədəflərini təqdim etməlidirlər”.

Son xəbərlər

Orphus sistemi