Mövcud su qıtlığı kənd təsərrüfatında su təchizatının təmin edilməsi üçün çoxsaylı çətinliklər yaradıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov COP29 çərçivəsində "Dayanıqlı su istifadəsi:KOBİA-nın rolu" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycan da su qıtlığından əziyyət çəkən ölkələr siyahısındadır:
"Ümumi su ehtiyatları 36 milyard kubmetr təşkil edir, lakin quraqlıq şəraiti səbəbindən istifadə edilə bilən həcm 22 milyard kubmetrə qədər azalır. Bundan əlavə, bu su ehtiyatlarının yalnız 30%-i ölkə daxilində formalaşır, qalan 70%-i isə onun sərhədlərindən kənarda yaranır. Azərbaycanda kənd təsərrüfatının inkişafı və kənd təsərrüfatı istehsalının artması birbaşa su təchizatının yaxşılaşdırılmasından asılıdır".
Nazir müavininin sözlərinə görə, qlobal iqlim dəyişikliyi yağıntıların davamlı azalmasına və su qıtlığının artmasına səbəb olur ki, bu da kənd təsərrüfatı sektoru üçün əhəmiyyətli çətinlik yaradır:
"Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini qiymətləndirmək üçün peyk şəkilləri vasitəsilə aparılan monitorinqin nəticələrinə əsasən müəyyən edilib ki, Kür çayının aşağı axınlarında su səviyyəsi aşağı düşüb. Bundan başqa, ölkə ərazisinin 15%-i quraqlıq, 6%-i isə səhralaşma təhlükəsi altındadır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su, torpaq və iqlim ehtiyatlarından daha səmərəli istifadə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişikliyinə uyğunlaşdırılması, su təchizatının yaxşılaşdırılması, müasir su təchizatı texnologiyalarının səmərəli tətbiqi mühüm rol oynayır".