Nəzarət və məsuliyyətli olmaqla, eləcə də qanunvericilik bazasını təkmilləşdirməklə iqlim dəyişikliyi probleminin mənfi təsirlərini azalda bilərik.
"Report" xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, parlamentlər iqlim dəyişikliyi ilə bağlı qərarların həyata keçirilməsində mühüm rol oynayır.
M.Babayev vurğulayıb ki, COP29 sədrliyinin danışıqlarda əsas prioriteti iqlimin maliyyələşdirilməsində yeni məqsəddir.
"COP29 Sədrliyi iqlim dəyişikliyi ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə imkan vermək planına diqqət yetirir. Parlamentlər 1,5 dərəcə əlçatanlığını saxlamaqla uyğunlaşdırılmış emissiyaları azaltmaqdan ötrü daha güclü iqlim planları verə bilər. Parlament transformativ dəyişiklik üçün siyasi iradənin qurulmasına kömək edə bilər. Bu siyasi iradəni qorumaq lazımdır", - nazir əlavə edib.