“Yaşıl iş yerləri” Gürcüstanın həm ənənəvi sahələrində - istehsalat və tikinti, həm də bərpa olunan enerji və enerji səmərəliliyi kimi yeni inkişaf edən sahələrdə inkişaf edir.
"Report" xəbər verir ki, bunu Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar, əmək, səhiyyə və sosial məsələlər üzrə naziri Mixeil Sarjveladze COP29 çərçivəsində təşkil olunan “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
“Gürcüstanda bu sahələrdə ixtisaslı işçilərə tələbat artmaqdadır. Nazirlik olaraq, işçi qüvvəmizi “yaşıl işlər” üçün zəruri bacarıqlarla təchiz edilməsi istiqamətində ardıcıl tədbirlər görür”, - deyə M.Sarjveladze bildirib.
Nazir “yaşıl iş yerləri”nin ətraf mühitin qorunmasına mühüm töhfə verən ləyaqətli işlər olduğunu vurğulayıb.
O əlavə edib ki, Gürcüstan hökuməti həssas qrupları dəstəkləmək üçün dövlət maliyyəsi hesabına məşğulluq proqramlarını genişləndirir: “Bu təşəbbüslər peşə təhsili və təlim proqramlarını, eləcə də rəqəmsal platforma - “WorkNet” vasitəsilə iş axtaranlar üçün təlim imkanlarını əhatə edir. Xüsusilə regionlarda yaşayan insanlar üçün bu xidmətlər əlçatandır və minlərlə insana dəstək olub”.
M.Sarjveladze, həmçinin Dünya Bankı ilə birgə İnsan Kapitalı Proqramı çərçivəsində “yaşıl iş” sektorunda bacarıqların inkişafına yönələn layihələrə diqqət yetirdiklərini bildirib: “Bu proqram bazarın tələblərinə uyğun olaraq işçi qüvvəsinin bacarıqları arasındakı boşluğu aradan qaldırmağa kömək edəcək”.
Nazir çıxışının sonunda qeyd edib ki, “yaşıl iş yerləri” yalnız məşğulluğun artırılması deyil, həm də dayanıqlı və firavan gələcəyin qurulması üçün vacibdir: “Biz işçi qüvvəmizə investisiya qoyaraq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək iqtisadi artımı ətraf mühitə məsuliyyətlə uyğunlaşdıran bir təməl qururuq”.