COP29-un iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə dair niyyət məktubu imzalanıb

COP29-un iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə dair niyyət məktubu imzalanıb BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim həftəsi çərçivəsində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevlə BMT Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrins
COP29
27 Sentyabr , 2024 01:43
COP29-un iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə dair niyyət məktubu imzalanıb

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim həftəsi çərçivəsində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevlə BMT Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan arasında ikitərəfli görüş keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüşdə tərəflər arasında COP29-un iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (BICFIT) dair fikir mübadilələri aparılıb.

Müzakirələrdə vurğulanıb ki, COP29 üzrə BMT-nin təsis etdiyi müvafiq Qlobal İşçi Qrupunda təmsil edilən Ticarət və İnkişaf Konfransı və beynəlxalq təşkilatın İnkişaf Proqramı Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsü üzrə BMT tərəfindən əlaqələndirici rol oynayır. Bununla yanaşı COP29 Prezidentliyi bu təşəbbüs üzrə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

M.Babayev R.Qrinspana Azərbaycanın COP29-a sədrliyində ilk dəfə olaraq İqlim maliyyəsi, investisiya və ticarət üzrə tematik gün təşkil edəcəyi barədə məlumat verib. Nazir bildirib ki, Ticarət və İnvestisiya Evi Azərbaycanın İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və ÜTT, BMT‐nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatası kimi tərəfdaşlarla əməkdaşlıqda təşkil olunacaq.

M.Babayev COP29 Prezidentliyi tərəfindən təklif edilən yeni innovativ BICFIT təşəbbüsünün əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, bu təşəbbüsün əsas məqsədi iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsidir. Dünyada azad yaşıl iqtisadi zonaların yaradılması təşəbbüsü BICFIT-in ilk məhsullarından biri və COP29-un irsi ola bilər. O, qeyd edib ki, COP29 Prezidentliyi bütün təşəbbüslərə dair tərəflərlə geniş məsləhətləşmələr keçirir, 13 sentyabr 2024-cü il tarixində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının Qlobal İctimai Forumu çərçivəsində ölkələrin və digər bütün tərəfdaşların iştirakı ilə BICFIT təşəbbüsünə dair xüsusi sessiya təşkil edilib.

R.Qrinspan öz növbəsində COP29 zamanı ilk dəfə olaraq maliyyə, investisiya və ticarət gününün vahid tematik gün qismində təşkilinə və Ticarət və İnvestisiya Evinin təşkili üçün göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsünü yüksək qiymətləndirərək iqlim maliyyəsi, investisiya, ticarət və inkişaf məsələlərini bir araya gətirərək onlar arasında əlaqənin gücləndirilməsinə hədəflənən bu təşəbbüsün böyük perspektivindən bəhs edib, BICFIT-in dialoq komponentinin rəhbərlik etdiyi təşkilat tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya İnvestisiya Forumunun bir hissəsi olması ilə bağlı COP29 Prezidentliyinin təklifini alqışladığını vurğulayıb.

Görüşün sonunda tərəflər arasında BICFIT təşəbbüsünün digər tərəfdaşlarla sıx əməkdaşlıqda inkişaf etdirilməsi üzrə əməkdaşlığa dair müvafiq niyyət məktubu imzalanıb.

Son xəbərlər

Orphus sistemi