Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında müxtəlif kateqoriyalarda əlilliyi olan insanların hamısının bərabər şəkildə iştirak etmələri üçün şərait yaradılıb.
"Report" xəbər verir ki, tədbir məkanında (Mavi və Yaşıl Zonalar) təkərli oturacaq istifadəçilərinin maneəsiz hərəkətini təmin etmək məqsədilə keçidlərdə, giriş və çıxışlarda beynəlxalq standartlara uyğun ramplar (pandus) və liftlər quraşdırılıb. Həmin şəxslərin məkana gəlişi üçün avtobuslar xüsusi avadanlıqlarla təchiz olunub, sanitar qovşaqlar hazır vəziyyətə gətirilərək istifadəyə verilib.
Bundan başqa, konfrans və mətbuat konfransı otaqlarında sözügedən şəxslərin iştirakı üçün şərait yaradılıb.
Tədbir məkanında təkərli oturacaq istifadəçilərinin rahat istifadəsi üçün beynəlxalq standartlara uyğun sanitar qovşaqlar quraşdırılıb. Yemək və qidalanma xidməti məkanında təkərli oturacaq istifadəçiləri üçün xüsusi ölçülərdə masalar mövcuddur.
Eyni zamanda Media Mərkəzində çalışmaları üçün xüsusi masalar təşkil olunub.