COP29 çərçivəsində Azərbaycanda zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair hazırlanan milli strategiya layihəsi təqdim edilib, gözlənilən nəticələr açıqlanıb.
"Report" xəbər verir ki, təqdimatı COP29 çərçivəsində baş tutan "Vahid Sağlamlıq Konfransı" adlı tədbirdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev edib.
Belə ki, “Azərbaycan Respublikasında Vahid Sağlamlıq Konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” bir sıra çağırışları əhatə edir.
Burada əsas çağırışlardan biri ölkənin zoonoz pandemiyasına hazırlığının artırılması, qida zəncirinin bütün mərhələlərində risk əsaslı nəzarətin artırılması, zoonozlarla mübarizədə "İnsanlar-heyvanlar aləmi-ətraf mühitə vahid konsertinin tətbiqi aiddir.
Bundan başqa, Milli Strategiyaya dair əsas çağırışlara xəstəlik törədicilərinin biologiyası, ekologiyası və epidemiologiyası üzrə tədqiqatlar və alınmış nəticələrin praktikada tətbiqinin zəruriliyi, epidemioloji və ekoloji araşdırmaların aparılması üçün multisektoral və inteqrəedilmiş məlumat bazasının qurulmasının vacibliyi, antimikrob rezistentliyi problemlərinin həllinin aktuallığı da daxildir.
Milli Strategiyanın məqsəd və vəzifələrinə gəlincə, buraya zoonoz xəstəliklərin ilkin mənbələrdə erkən aşkarlanması üçün inzibati sistemin qurulması və çevik mübarizə mexanizmlərinin yaradılması, multisektoral fəaliyyətlərin tənzimlənməsi üçün qanunvericilik çərçivəsinin və tətbiq prosedurlarının inkişaf etdirilməsi daxildir. Həmçinin buraya ölkədə laboratoriya diaqnostikası, profilaktik və fövqəladə tədbirlərin icrası üçün davamlı tətbiq və hazırlıq prosedurların yaxşılaşdırılması da daxildir.
Məlumat verilib ki, zoonoz xəstəliklərin monitorinq sisteminin yaradılması və məlumat mübadiləsi üçün vahid informasiya platformasının qurulması əsas məqsədlərdən biridir.
Qeyd edilib ki, əhalinin zoonoz xəstəliklərə aid biliklərinin artırılması və dövri məlumatlandırma üzrə sistematik fəaliyyətlərin formalaşdırılması qarşıda duran vəzifələrdəndir.
Vurğulanıb ki, burada əsas üç nəticə gözlənilir: "Burada zoonozların, o cümlədən transmissiv (vektorlarla yoluxan) xəstəliklərin monitorinqi üçün adekvat institusional sistemin yaradılması, əhali üçün zoonoz xəstəliklərin riskinin minimuma endirilməsi və ölkədə istifadə olunan baytarlıq dərman vasitələrinin (o cümlədən bioloji baytarlıq preparatlarının və antibiotiklərin) monitorinq sisteminin qurulması daxildir".
Foto: Samirə Həsənova