ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (HHS) uşaqların dəstəklənməsi və müdafiəsi ilə bağlı mövcud proqramlar çərçivəsində iqlim dəyişikliyini fəal şəkildə nəzərə alır.
Bu barədə İqlim Dəyişikliyi və Səhiyyə İdarəsinin direktoru, səhiyyə nazirinin köməkçisinin müavini Con Balbus bu gün media nümayəndələri ilə görüşdə “Report”un sualını cavablandırarkən bildirib.
"HHS aztəminatlı ailələrdən olan uşaqlar üçün tibbi sığorta proqramından başlayaraq Head Start proqramına qədər geniş xidmətlər spektri təklif edir. Departamentimiz iqlim dəyişikliyinin bu təşəbbüslərdə nəzərə alınması üçün əlindən gələni edir", - o qeyd edib.
C.Balbus ölkə üzrə bütün Head Start müəssisələri üçün iqlim risklərinin təhlilinin aparıldığı layihəni nümunə gətirib. Bu, onların əməkdaşlarına dəyişikliklərə uyğunlaşmağa və xidmətləri davam etdirməyə imkan verir. Bundan əlavə, uşaqların tibbi sığorta proqramında təbii fəlakətlər, məsələn, meşə yanğınları zamanı hava təmizləyicilərinin alınması üçün güzəştlər nəzərdə tutulub.
O vurğulayıb ki, uşaqların iqlim risklərindən qorunması ilə bağlı böyük federal proqramların hazırlanması Konqresin səlahiyyətlərinə daxildir. "HHS çərçivəsində "İqlim dəyişikliyi ilə əlaqədar uşaqların sağlamlığının qorunması" adlı genişmiqyaslı proqram yoxdur, çünki yeni proqramların yaradılması Konqresin səlahiyyətindədir. Lakin biz mövcud təşəbbüslərin iqlim dəyişikliyi ilə bağlı çağırışlara uyğunlaşdırılması üçün çalışırıq", - direktor əlavə edib.