Çilinin ətraf mühit naziri Maisa Rohas “Report”a qısa müsahibə verib. O, Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıq, COP29-dan gözləntilər və iqlim konfransında konsensusa nail olmağın vacibliyindən danışıb:
- Bərpa olunan enerji mənbələri kontekstində Çili və Azərbaycan arasında hansı əməkdaşlıq istiqamətlərini görürsünüz?
- Çili iqtisadiyyatı bütün dünyaya açıqdır və biz çoxtərəfliliyə qəti şəkildə inanırıq. Buna görə də bütün ölkələrlə əməkdaşlıqda çox maraqlıyıq. İnkişaf etməkdə olan ölkə kimi Çili bərpa olunan enerji mənbələrinə çox güvənir. Bizim enerji sistemimiz günəş və külək enerjisi kimi mənbələrə əsaslanır.
Biz külək enerjisi sahəsində təcrübəmizi Azərbaycanla bölüşməkdən məmnun olarıq. Sizin ölkənizdə də küləkdən ekoloji təmiz enerji mənbəyi kimi istifadə üçün bir çox imkanlar var. Biz əməkdaşlıq imkanlarını böyük həvəslə gözləyirik və bu məsələləri həm COP29-da, həm də ondan kənarda müzakirə etməyə hazırıq.
- COP29-da əldə edilmiş irəliləyişi, xüsusilə Paris Sazişinin 6.4-cü maddəsi üzrə konsensusu necə qiymətləndirirsiniz?
- COP iqlim konfranslarında yaxşı nəticələr həmişə vacibdir. Bu, çoxtərəfli və konsensusa əsaslanan yanaşmalardan ibarət mürəkkəb prosesdir. Uğurlu irəliləyiş üçün danışıqlara artıq razılıq əldə edilmiş bəndlərdən başlamaq vacibdir. Bu, ölkələrdə birgə fəaliyyətin nəzərəçarpan nəticələr verə biləcəyinə əminlik yaradır.
Konfransın ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi üzrə əldə edilmiş irəliləyiş növbəti mərhələlərə doğru mühüm addımdır və ümumi məqsəd naminə birləşə biləcəyimizi göstərir. Əminəm ki, bu, gələcək danışıqlar üçün yaxşı stimul olacaq.